AZ

Ərdoğan: “İsrailə qarşı sanksiyalar tətbiq olunmalı, məsuliyyət daşıyanlar mühakimə edilməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  İsrailin siyasətinə qarşı sərt bəyanatla çıxış edib.

Musavat.com-un məlumatına görə Ərdoğan bildirib ki, İsrailə qarşı məhdudlaşdırıcı sanksiyalar tətbiq olunmalı, o cümlədən ölkənin beynəlxalq idman yarışlarında iştirakına qadağa qoyulmalıdır.

“Netanyahunun rəhbərlik etdiyi cinayətkar şəbəkə Qəzzada dinc sakinlərə hücum edir, müasir silahların müxtəlif növlərindən istifadə edir. Qida aclığa çevrilərək kütləvi qırğın silahına dönüb. Netanyahu, onun hökuməti və soyqırımda məsuliyyət daşıyan bütün şəxslər dərhal məhkəmə qarşısına çıxarılmalı və layiqli cəzalarını almalıdırlar”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, qlobal sülh və təhlükəsizlik “sonsuz müharibə və qeyri-sabitlik girdabına” təhvil verilib. Onun sözlərinə görə, Qəzza, Yəmən, Suriya, Sudan və Somalidə hər itirilən insan həyatı Türkiyə üçün də itkidir.

Ərdoğan həmçinin beynəlxalq qurumların fəaliyyətsizliyini kəskin tənqid edib:

“BMT Təhlükəsizlik Şurası kimi mexanizmlər humanitar fəlakətlərin qarşısını almaq üçün yaradılmışdı. Lakin bu gün onlar problemlərin həll açarı olmaq əvəzinə, özləri problemin bir hissəsinə çevriliblər”.

Prezident çıxışının sonunda Fələstinin tanınmasının əhəmiyyətini vurğulayıb:

“Fələstinin tanınması, gec də olsa, mühüm addımdır. Bu, fələstinli qardaş və bacılarımıza edilən zülmün düzəldilməsi yolunda atılan cəhdləri alqışlaya biləcəyimiz bir addımdır".

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr