Misli Premyer Liqasının VI turunda "Neftçi" evdə "Karvan-Yevlax"la 0:0 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bölüşüb:

“Bu oyun da daxil olmaqla, rəqibə bir epizod belə vermədən, epizod yaradıb, amma qol vura bilməyib itirdiyimiz xallar, doğrudan da, üzücüdür. Xüsusilə bu gün. Çünki son matçlara baxanda, bu qədər templi, dinamik oyun, ümumiyyətlə, görməmişdim. Xal itirməyimizə baxmayaraq, futbolçulardan çox razıyam. Müdafiəyə oturmuş komandalara qarşı dərsliklərdə nə tələb olunursa, “Neftçi” bu gün, demək olar ki, hər şey elədi. Həm ortadan və cinahdan hücumlar, həm uzaqdan zərbələr – hamısı var idi, amma bəxtsizliyə o qədər məyus oluruq ki, bunun cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq və düşünürəm ki, qollar gələcək. Keçən matçdan sonra çox ümidliydik ki, artıq tilsim qırıldı, amma olmayanda olmur”.