AZ

“Qarabağ”ın kapitanı 8 sualdan birinə “Bilmirəm” cavabını verdi

Sportinfo.az “Qarabağ”ın kapitanı Abdullah Zubirin müsahibəsini təqdim edir:

- Premyer Liqanın 6-cı turunda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Bir qədər sakit qarşılaşma oldu. Rəqib artıq ilk dəqiqədə qırmızı vərəqə aldı. Əgər “Qəbələ” 10 nəfər qalmasaydı, daha maraqlı görüş olardı. İstənilən halda qələbə qazandıq. Nəticədən məmnunuq.

- “Araz-Naxçıvan”la matçdan fərqli olaraq, bu dəfə kiçik hesablı qələbə gördük. Daha çox fərqlənməyinizə nə mane oldu?

- Vacib olan 3 xaldır. Biz sadəcə qələbəyə köklənmişik. Hesabın fərqi yoxdur. Əsas olan qalib gəlməkdir. Futbolda hər dəfə çox qol vurmaq alınmır.

- Sizi ənənəvi olaraq sol vinger kimi görsək də, bu dəfə yarımmüdafiənin mərkəzində qərarlaşmışdınız. Hansı mövqedə oynamaq sizin üçün daha rahatdır?

- Mənim üçün fərqi yoxdur. Baş məşqçi hansı mövqedə şans versə, orada da oynamağa hazıram. Əsas odur ki, komandama faydalı olum.

- Növbəti oyun “Kopenhagen”ə qarşıdır. Həmin matçdan gözləntiləriniz nədir?

- “Kopenhagen” böyük komandadır. Bu, Çempiolar Liqasıdır. Hər matç çətin, ağır olur. Tam gücümüzlə hazırlaşacağıq. Yaxşı nəticəyə köklənmişik.

- “Benfika” ilə matçdan sonra azarkeşlər “Qarabağ”dan “Kopanhegen”lə görüşdə də qələbə gözləyirlər...

- Futboldur, əvvəldən söz vermək olmaz. Əslində biz hər matça qələbə üçün çıxırıq. Lakin unutmayaq ki, “Kopenhagen” çox yaxşı komandır. Bizi çox gərgin oyun gözləyir. Rəqib nə qədər güclü olsa da, yaxşı nəticəyə ümid edirik.

- Digər tərəfdən də “Benfika” üzərində qələbə “Qarabağ”sevərlərdə növbəti mərhələ ümidi yaradıb. Necə düşünürsünüz, ilk 24-lüyə düşüb, pley-offa adlamaq nə dərəcədə realdır?

- Pley-off çox uzaqdır. Qarşıda hələ 7 tur var. Ona görə də indidən nəsə proqnozlaşdıra bilmərəm. Həm də rəqiblərimizə baxın. Hamısı çox güclüdür. Ona görə də oyundan oyuna köklənirik, yalnız növbəti matçı düşünürük. Bacardığımız qədər çox xal yığmağa çalışacağıq. Sonda isə vəziyyətə baxacağıq. Təbii ki, biz də ÇL-də pley-offa yüksəlməyi çox istərdik. Lakin bu, heç də asan deyil.

- Sizcə, pley-offa adlamaq üçün neçə xal lazımdır?

- Bilmirəm. Bu haqda nəsə fikir bildirmək çətindir.

- 11 xal kifayət edər?

- Ötən il səhv etmirəmsə, 12 xal lazım idi pley-offa adlamaq üçün.

Seçilən
7
sportinfo.az

1Mənbələr