AZ

Zəfərlə birgə böyüyən şəhid Narin

2020-ci ilin oktyabrında - Vətən müharibəsi zamanı Gəncədə düşmənin törətdiyi terrorda şəhid olanlardan biri də 10 aylıq Narin Xalıqova oldu. Hələ bu həyatı dərk etmədən gözlərini dünyaya əbədi yuman körpənin ölümü bütün Azərbaycanı yasa boğdu. Narin 44 günlük müharibənin ən kiçik şəhidi oldu. O da körpə canı ilə müqəddəs şəhidlərimizin cərgəsinə qoşuldu. Biz ona həm də Zəfərin övladı deyirik. Axı o Zəfərlə birlikdə, onunla yanaşı boy atır, yaşa dolur. Hər il yaşının üzərinə qürurlu bir yaş da gəlir... 

Fələk imkan versəydi, Zəfərimizin 5 ilini qeyd etdiyimiz bu fəxarətli ildə Narinin də 5 yaşı tamam olacaqdı. Yaşasaydı, bu fani dünyanı indi bir az daha aydın dərk edə biləcəkdi..  

Heyhat… Qatil düşmən bu zərif çiçəyi cəmi on aylıqkən qopardı aramızdan. Hər birimizi dərindən sarsıdan körpə Narinin ürəkparçalayan və qısa həyat hekayəsini  2022-ci ildə “Azərbaycan” qəzetində belə qələmə almışdıq: “Cəmi on aylıqkən kökündən qoparılan bu fidan hələ körpə dünyasının təkrəngli axarındaydı, hələ bu dünyanın rənglərini doğru-düzgün ayırd edə bilmirdi, çəhrayı görünürdü hər şey gözünə...  

Təzəcə dili söz tutur, səhərdən - axşama qədər hıçqırıqlı körpə gülüşləri içərisində “ana”, “ana” deyərək dünyada ən sevdiyi kəlməni səsləndirirdi... 

Həyatdakı ilk kövrək addımlarını yenicə atırdı... 

Hələ boy atacaqdı, böyüyəcəkdi, ümidləri, diləkləri olacaqdı...

Bağçaya, məktəbə yollanacaqdı, arzularının arxasınca gedəcəkdi, sevəcəkdi, seviləcəkdi...

Bir gün əllərinə qırmızı xına qoyulacaqdı, telli- duvaqlı gəlin, ana, nənə olacaqdı...

Amma bütün bunları yaşamağa taleyi yetmədi, həyat payı qısa oldu...  

Ömrünün baharında şaxtaya, sazağa, borana düşdü...   

Tanrıya sarı pərvazlandı, mələk oldu... 

Şəhid oldu Narin...”

Əbədi ayrılıq

Körpə Narinin qısa ömrü qüssəli həyat hekayəsinə döndü, uşaq ikən qəlbi pardaqlandı, ürəyinin döyüntüsü vaxtsız dayandı. 

Narin Xalıqovanın 17 dekabr 2019-cu ildən 17 oktyabr 2020-ci ilə qədər, cəmi 10 aylıq bir zaman dilimini əhatə edən çox qısa, faciəvi bioqrafiyası var. 

Xalıqovlar ailəsi düz beş il həsrətlə onun yolunu gözləmişdilər. Nəhayət, Tanrı şaxtalı-sazaqlı bir qış günündə onlara bir qız övladı bəxş edərək dünyalarına bahar sevinci gətirmişdi. Valideynləri ona Narin adını çox incə, zərif olduğu üçün vermişdilər. Ata-anası gecə-gündüz pərvanə kimi körpələrinin başına dolanmaqdan, saatlarla beşiyinin yanında durub onun ay kimi nur saçan üzünə tamaşa etməkdən doymamışdılar. Daha ağıllarının ucundan belə keçirməmişdilər ki, qarşıda onları böyük sınaqlar, acı tale gözləyir. Bu xoşbəxt ailə tablolarının üzərinə qan çilənməsinə, çilik-çilik olmasına cəmi bir neçə ay qalıb…

17 oktyabr 2020-ci il onların əbədi ayrılıq günü, Narinin və anasının şəhid olacağı tarixə çevriləcək...  

Həmin gecə həmişə olduğu kimi, körpə Narin onu bağrına basaraq laylay çalan anasının qoynunda mışıl-mışıl uyumuşdu. Elə Narinin mələk simasına tamaşa edə-edə gənc ananın da gözlərini yuxu aparmışdı. O da, körpəsi də qızılgül ətirli röyalar aləminə dalmışdı… 

Amma o məşum gecə nə balaya, nə də anaya daldıqları şirin  yuxudan bir daha oyanmaq nəsib oldu. Narinin də, anası Sevilin də həyatları yuxulardakı kimi dərin zülmətə, gecə kimi siyaha qərq oldu... 

O gecə körpə Narin anası ilə birlikdə şəhadətə ucaldı. 

Anası ilə bir məzarda uyuyur

2020-ci ildə Vətən müharibəsinin başladığı elə ilk gündən qəhrəman Azərbaycan oğulları döyüş meydanında düşmənin başını əzərək əzəli torpaqlarımızdan qovuldu. Haqq yürüşünə çıxdığımız 44 gün ərzində ön cəbhədən arxa cəbhəyə qələbə müjdələri qanadlanırdı, el-obamız şadlığa bürünürdü. Bu məğlubiyyəti ilə barışmayan quduz düşmən isə Birinci Qarabağ müharibəsində olduğu kimi, indi də acığını silahsız mülki əhalidən çıxmağa çalışırdı. Mülki əhalini, körpələri, uşaqları, qadınları, qocaları nişan alırdı. Döyüş bölgəsindən kilometrlərlə uzaqda olan yaşayış məntəqələrimizi raketlərlə atəşə tuturdu. Həmin vaxt Tərtər, Bərdə, Gəncə, Mingəçevir və bir çox digər şəhər və kəndlərimiz düşmənin bu cür xain hücumlarına məruz qalmışdı. Mülki insanlarımız şəhid olmuş, yaralanmışdı.   

17 oktyabr 2020-ci ildə Gəncəni növbəti dəfə raket atəşinə tutan erməni faşistlərinin törətdiyi terrorun qurbanlarına çevrilənlərdən biri də Naringilin ailəsi oldu. Bu vəhşi hücum nəticəsində Narin Teymur qızı Xalıqova anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova birlikdə həlak oldular. Narinin dəfni zamanı onun kəfənə bükülmüş kiçicik bədənini bağrına basaraq ağlayan əmisinin fotoları bu gün də hər kəsin ürəyini dağlayır, yaşa boğur. 10 aylıq Narin anası Sevil Əsgərova ilə bir məzarda dəfn olunub. Ana-bala əbədiyyətədək birlikdə uyuyacaqlar… 

“İlahi, nə qədər ağrılı, acılı yazmışdın bu tifilin taleyini?!. 

Heç o gün Narinin körpə nəşi üzərində saçlarını yolacaq, balasını son dəfə oxşayacaq, yanıqlı bayatılar çəkəcək, gülüzlü övladını son dəfə haraylayacaq, onun cansız bədənini qucaqlayaraq hönkür-hönkür ağlayacaq anası da yanında yox idi. 

O gün xalqımız anası əvəzi körpə Narinin vaxtsız ölümünə yandı, əl boyda məzarını gözyaşlarıyla yudu... 

O gün heç 1 yaşı belə tamam olmayan bu günahsız körpə də Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin cərgəsinə qoşuldu.

Haqq səsimizin dünyadakı körpə carçısına çevrildi Narin, bir daha terrorçu düşmənin qatil əməllərini aləmə hayqırdı”, deyə üç il əvvəl qəzetimizdə dərc olunan “Zəfərin Narin övladı” başlıqlı məqalədə körpə şəhidimizin elegiyası belə əks olunmuşdu. 

Sonsuz ehtiram

27 sentyabr 2021-ci ildə - Vətən müharibəsinin başlanması münasibətilə Anım Gününə həsr olunmuş yürüş keçirildi.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki insanların hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirmişdilər. Dövlət başçısı İlham Əliyev yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı ilə, birinci xanım Mehriban Əliyeva isə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləmişdi.

Özü bu dünyada yaşamağa macal tapmasa da, ömrü yarımçıq qırılsa da, körpə Narinin xatirəsi sonsuzadək Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb. 

Narin və digər körpə şəhidlərimizin, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhadətə ucalan bütün oğul və qızlarımızın, vətən övladlarımızın qisası alınıb, qanları yerdə qalmayb. Xalqımıza qarşı soyqırımı, hərbi cinayətlər törətməkdə təqsirli bilinən düşmənlərin bir çoxu bu gün Bakıda ədalət məhkəməsi qarşısında cavab verirlər. 

Körpəsindən yaşlısına, oğlundan qızına müqəddəs şəhidlərimiz bizə bütöv Azərbaycan bəxş edərək əbədiyyətə qovuşublar. Biz onları daim ehtiramla və minnətdarlıqla anır, qəlblərimizdə yaşadırıq. 

Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Seçilən
124
azerbaijan-news.az

1Mənbələr