AZ

Aqrar festivallar estafeti Masallıda davam etdi

Bu dəfə çəltik və düyü festivalı ilə

Masallıda rayon icra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə çəltik və düyü festivalı keçirilib.

RİH-in başçısı Araz Əhmədov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Cavanşir Paşazadə, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, sahibkarlar və fermerlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı işlər görülür və qərarlar qəbul edilir: "Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi, kənd təsərrüfatı texnikasının, texnoloji və suvarma sistemləri avadanlıqlarının güzəştli şərtlərlə satışı və digər istiqamətlərdə  tədbirlər həyata keçirilir". A.Əhmədov  daha sonra deyib ki, yaradılmış əlverişli mühit rayonda çəltik əkin sahələrinin artmasına səbəb olmuşdur: "Bu il 179,3 hektar sahədə çəltik əkini aparılmışdır. Çəltik əkin sahələrində ümumilikdə orta məhsuldarlıq 35-40 sentner təşkil etmişdir". RİH başçısı sözünün sonunda deyib ki, çəltik və düyü festivalının keçirilməsi  bu sahə ilə məşğul olan fermer və xüsusi mülkiyyətçilərin  fəaliyyətlərinin genişləndirilməsi, digər fermer və xüsusi mülkiyyətçilərin sahəyə marağının artırılması, çəltikçiliyin yenidən ənənəvi əkin növünə çevrilməsi məqsədi daşıyır.

Festivalda rayon ərazisində istehsal olunan çəltik növləri, kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq məhsulları, ərzaq məhsulları, xalçaçılıq, el sənətkarlığı nümunələri, toxuma və əl işləri, məktəblilərin hazırladığı rəsm qalereyası, rayonda istehsal edilən sənaye məhsulları, 15 restoran və istirahət mərkəzi tərəfindən 40 növdə 85 sayda plov və düyüdən hazırlanan məhsullar,  50 şirkət və şəxslər tərəfindən 150 çeşiddən çox istehsal edilən məhsullar və s. nümayiş olunub.  

Festivalda həmçinin digər şəhər və rayonlardan kənd təsərrüfatı texnika və avadanlıqlarının satışı ilə məşğul olan 40-a yaxın şirkət iştirak edib.

Seyran CAVADOV, 

"Azərbaycan"

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr