AZ

Fransanın tanınmış aerokosmik şirkəti kütləvi işə qəbul kampaniyasına başlayıb

Paris, 28 sentyabr, AZƏRTAC

Fransanın tanınmış aerokosmik şirkəti “Dassault Aviation” bu il 239 ədəd Rafale döyüş təyyarəsi təhvil verməlidir. Artan beynəlxalq tələbat qarşısında şirkət kadr çatışmazlığını aradan qaldırmaq üçün kütləvi işə qəbul və daxili təlim proqramlarını genişləndirir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Dassault Aviation” Cergy-Pontoise şəhərində yerləşən və 110.760 kvadratmetr sahəyə malik olan yeni zavodunu istifadəyə verib. 1970-ci illərdən bəri şirkət üçün bu miqyasda istehsal müəssisəsi tikilməyib. Bu zavodda “Rafale” təyyarəsinin ön hissəsi yığılacaq. Bu hissə xarici müştərilər tərəfindən xüsusilə yüksək qiymətləndirilir.

Şirkət, Hindistan, İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə imzalanan ardıcıl müqavilələri vaxtında yerinə yetirmək üçün artıq 2025-ci ildə 80 yeni işçi götürüb. Yeni işçilər arasında daha əvvəl gözəllik salonunda işləyən bir qadının indi kabel montajçısı kimi çalışması, şirkətin qeyri-ənənəvi profillərə də açıq olduğunu göstərir.

Şirkətin baş direktoru Erik Trappye isə sənaye sahəsində kadr tapmağın çətin olduğunu vurğulayıb. “Sənaye sahəsində işləmək hələ də cəlbedici deyil. Buna görə də biz qadınlara yönəlirik. Kifayət qədər qadın yoxdur. Biz qadınlara göstərmək istəyirik ki, sənaye sahəsi də onların dünyasına uyğundur”,- deyə şirkətin rəhbəri qeyd edib.

Hazırda aylıq 3 ədəd Rafale istehsal edən “Dassault” 2030-cu ilə qədər bu göstəricini 5-ə çatdırmaq niyyətindədir. Bu məqsədə çatmaq üçün şirkətin qarşıdakı illərdə əsas prioriteti insan resursları və istehsal imkanlarını paralel şəkildə artırmaq olacaq.

Seçilən
14
2
azertag.az

3Mənbələr