AZ

Azad Qarabağda Anım Gününün “Zəfər zəngi”

Bu günlər şanlı hərb tariximizin qələbə salnamələrinin fəxrlə, qürurla vərəqləndiyi günlərdir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, 27 sentyabr canlarını Vətənimizin azadlığı uğrunda qurban vermiş müqəddəs şəhidlərimizin xatirəsinin Anım Günü kimi ölkəmizin hər yerində qeyd edilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımızın yurdumuza göz dikən, əzəli torpaqlarımızda at oynadan mənfur düşmənə qarşı başlatdıqları 44 günlük zəfər yürüşünün 5-ci ildönümü onların canları, qanları bahasına azadlığına qovuşdurduqları Qarabağımızda – Xocalıda, Xankəndidə, Ağdərədə də ehtiramla anılıb.

Anım tədbirlərinə sentyabrın 26-da Xocalı şəhərindəki Şəhidlər xiyabanından start verilib. Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xocalı rayon polis şöbəsinin əməkdaşlarının, şəhid ailələrinin, müharibə veteranlarının iştirak etdikləri mərasimdə soyqırımı qurbanlarının, Xocalı şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, dualar oxunub.

Çıxış edənlər 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən söz açıblar. Qeyd olunub ki, şanlı qələbələrin davamı olaraq 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, illərlə doğma yurd-yuvalarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı şəhəri ilə yanaşı, rayonun kəndlərinə də mərhələli şəkildə köç həyata keçirilir.

Anım Günü ilə bağlı tədbirlərin davamı olaraq, sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetinin binasında 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı keçirilib. Filmin ssenari müəllifi, Əməkdar jurnalist Afət Telmanqızı çıxış edərək, məhz Xankəndidə qəhrəmanlarımızın şücaətinə həsr olunmuş filmin nümayişinin onda böyük qürur hissi yaşatdığını deyib: “44 gün 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu. 44 gün xalqımız bir ürəyə, bir yumruğa çevrildi. Minlərlə igidimiz öz canını sipər edərək, torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix ordumuzun gücü, xalqımızın birliyi ilə qazanıldı. Bu gün ayaq basdığımız torpaqlarımız, Vətənimiz azaddır. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz toxunulmazdır. Yaşasın Zəfərimiz, yaşasın Azərbaycan!”.

Şəhid atası, Xankəndi sakini Kamran Nəsirov oğlu Xəqaninin keçdiyi döyüş yolundan, şəhidlərimizin canları bahasına azad etdikləri torpaqda qürurla yaşadığından danışıb. Xüsusi təyinatlı qazi Aslan Şərifov isə bu gün ilk dəfə azad etdiyi Xankəndiyə ayaq basmasından söz açıb, o günlərlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə, həmçinin Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən bərpa-quruculuq işlərini, dövlət başçısının iştirak etdiyi açılışları, bu ərazilərə Böyük Qayıdışı əks etdirən videoçarx nümayiş olunub.

Anım Günü Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası da təşkil olunub. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada müxtəlif dövlət qurumlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər. Aksiya çərçivəsində ümumilikdə 200-dən çox çinar, şam, zeytun və badam ağacları əkilib.

Qeyd edək ki, 44 günlük Zəfər yürüşünün başlamasının 5-ci ildönümü və şəhidlərimizin müqəddəs xatirələrinin Anım Günü işğaldan azad edilmiş Ağdam və Laçın şəhərlərində də ehtiramla qeyd edilib.

R.MAHİR,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr