AZ

Ermənistanın Azərbaycana qarşı yürütdüyü ecosid siyasəti Avropa mətbuatında ifşa olunub

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi  ilə  «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB)  tərəfindən həyata keçirilən  “Ermənistanın Azərbaycana qarşı ecosid siyasətinin ifşası” layihəsinin icrası başa çatıb.

EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi Azərbaycanın transsərhəd  çayı olan Oxçuçayın  Ermənistan tərəfindən çirkləndiirlməsi, Ermənistanın  30 ilə yaxın bir müddətdə işğal altında saxladığı torpaqlarda həyata keçirdiyi ekoloji terror, Vətən müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq  müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olan mina terrorunun Ermənistan tərəfindən  bu gün davam etdirməsi,  bunun  nəticəsi olaraq günahsız mülki şəxsklərin öz həyatlarını itirməsi barədə Avropa  ictimaiyyətini məlumatlandırmaq olub. 
 
Layihənin icrası məqsədilə erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Fransa, İtaliya, Rumıniya, İsveç və Monteneqronun  aparıcı KİV-lərində  Ermənistanın Azərbaycana qarşı həyata keçirilən ekoloji cinayətlər, o cümlədən  Oxçuçayda törədilən ekoloji terror , bunun nəticəsi olaraq ölkəmizin, ümumilikdə götürdükdə isə regionun fauna və florasına  dəymiş zərərlər, eləcə də mina terroru barədə  məqalələr yerləşdirilib. Özünü “demokratik” dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü  Avropa  ölkələri ictimaiyyətinə göstərməyi çalışılıb. Və buna qismən nail olunub. Belə ki, layihə çərçivəsində   fransız, italyan və ingilis dillərində hazırlanan məqalələr yuxarıda sadalanan ölkələrin mətbu orqanlarında dərc edilib. 

Məqalələrdə qeyd edilib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin  miqyası çox böyükdür. 5 il əvvəl , 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azad edilən ərazilərdə aparılan monitorinqlər zamanı aydın olub ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarda həm də təbiətə qarşı düşmən münasibət sərgiləyib.
Ermənilərin törətdiyi ekoloji terror nəticəsində regionun ekosistemi üçün ciddi təhlükələr yaranıb. Həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına sağalmaz ziyan dəyib.

Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub. 

Məqalələrdə qeyd edilib ki, Ermənistan indiyədək transsərhəd suların mühafizəsinə dair Helsinki Konvensiyasına qoşulmayıb.30 ildir özünü müstəqil dövlət elan etməsinə baxmayaraq  Ermənistanın hələ də Helsinki Konvensiyasına qoşulmaması bu ölkənin gələcəkdə də bölgədə ekoloji terroru davam etdirmək kimi çirkin niyyətini bir daha ortaya qoyur. 

Bütün bunlar bir yana, bu gün Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə, yaşamaq hüququnu sual altına qoymaqla bərabər, ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Digər tərəfdən isə mina tələləri vəhşi heyvanların məhvinə də gətirib çıxarır. 

Hesablamalara görə, Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı Azərbaycan torpaqlarında 1,5 milyondan çox  mina yerləşdirib. Başqa sözlə, ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib.Bu isə ölkənin kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.
Görünən odur ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olub. 

Rəsmi rəqəmlərə görə müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 397 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 78-i həlak olub, 293-ü isə ağır yaralanıb. 

Qeyd edilib ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Lakin reallıq bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət tələb edən prosesdir. Dağlıq Qarabağ kimi çətin relyefə malik olan bir bölgədə isə bu proses hətta on illərlə davam edə bilər. 

Seçilən
21
1
demokrat.az

2Mənbələr