AZ

Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib  

Ssentyabrın 27-də Almaniyanın Nürnberq şəhərinin mərkəzində - tarixi qala divarlarının içərisində, xarici turistlərin ən sıx olduğu məkanda Azərbaycanın mina qurbanlarına dair açıq səma altında fotosərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, fotosərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyinin icra etdiyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində açılıb. Layihədə QHT-nin yerli tərəfdaşı Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzi olub.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, sərginin məhz Vətən müharibəsi şəhidlərinin Anım Günündə Nürnberqdə təşkili rəmzi məna daşıyır: “II Dünya müharibəsindən sonra- 1945-1946-cı illərdə nasist rəhbərlərinin beynəlxalq tribunalda mühakiməsi burada keçirilib. Bu səbəbdən müharibə cinayətkarlarının cəzalandırıldığı, ədalətin təmin edildiyi Nürnberq şəhəri beynəlxalq hüquq tarixində xüsusi yer tutur. Biz inanınırıq ki, işğal dövründə - 30 il ərzində Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırmağa tapşırıqlar vermiş Ermənistanın hərbi-siyasi liderləri də bu müharibə cinayətlərinə görə cavab verəcəklər. Ona görə də məhz Anım Günündə biz dünyaya Nürnberqdən xitab edirik”.

Fotolarda mina qurbanları adından insanlara müraciətlər yer alıb. Mina qurbanı, yol təsərrüfatı işində çalışmış Pərviz Nəcəfovun fotosunun üzərində bu cümlələr yazılıb: “Mən yolları minalar kimi insanları ayırmaq üçün deyil, onları birləşdirmək üçün çəkirdim. Bir partlayış gözümün və ayağımın itirilməsi ilə nəticələndi, digər minaya məni xilas etməyə gələnlər düşdü. Eyni yerdə ümid neçə dəfə puç ola bilər ki?!” (“I was building roads to bring people together, not to separate them as the mines have done. One blast took my eye and my leg; another scarred those who tried to rescue me. Tell me, how many times can hope explode in the same place?”).

Mina qurbanı Xəzər Babaşov isə fotosu üzərinə qeyd buraxaraq, sərgi ziyarətçilərinə üz tutaraq soruşub: “Mən günahkaram? Bəli, yoxsa, xeyr? Siz deyin, fotonun altındakı kağıza yazın. Cavabınızı gözləyəcəyəm. Sürücü idim, insanları sağ-salamat bir yerdən başqa yerə aparmağa çalışırdım. Avtomobildən kənara bir addım atdım. Partlayış səsi gəldi. Və mənim həyatım əbədi olaraq çökdü. Hələ də özümü sorğulayıram: yerə düşməsəydim, bu, olardımı? Mənə deyin, günahkarammı? Bəlkə sizin cavabınız məni didən suallara nəhayət, son qoyar”.

Sərgi böyük maraqla qarşılanıb, ziyarətçilər Azərbaycanın üzləşdiyi mina probleminin miqyası barədə statistika ilə tanış olub, fotolardan təsirlənib.

Qeyd edək ki, bu, sentyabrın 26-da Almaniyanın Münhen şəhərinin mərkəzi Karlsplatz meydanında açılmış sərginin davamı olub.

Sərgidə mina qurbanlarına dair 20-dən çox fotoşəkil, insan hekayələri nümayiş etdirilib. Hər bir foto yalnız fərdi bir hadisəni deyil, bütöv bir xalqın üzləşdiyi humanitar faciəni əks etdirib. Fotolardakı mina qurbanları barədə QR kod vasitəsilə əlavə məlumatlar verilib.

“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropanın digər ölkələrində də davam etdirməyi planlaşdırır.

Seçilən
26
4
azerbaijan-news.az

5Mənbələr