AZ

Çexiyada Rusiya təbliğatını aparan yüzlərlə tiktok hesabı ifşa olunub

Rusiyanın yaratdığı TikTok şəbəkəsi seçkilərə təsir göstərməkdə ittiham olunur...

Poliqon xəbər verir ki, Çexiya hakimiyyət orqanları ölkədəki parlament seçkiləri ərəfəsində kütləvi dezinformasiya kampaniyasını araşdırmağa başlayıb. "Deník N" nəşrinin məlumatına görə, təhlükəsizlik qurumları TikTok sosial şəbəkəsində fəaliyyət göstərən təxminən 300 saxta hesab-robotu müəyyən edib. Bu hesablar sistematik şəkildə prorusiya təbliğatı aparır, həmçinin antisistem qüvvələri – ilk növbədə ifrat sağçı SPD partiyasını, sol-populist Stačilo! hərəkatını və sağ-populist PRO partiyasını dəstəkləyən materiallar yayır.

Rusiyayanlı qüvvələrinin fəallığı son günlər yalnız internetlə məhdudlaşmayıb. Sentyabrın 27-də SPD və Stačilo! tərəfdarları Praqa Qalasının qarşısında “Cənab prezident, seçkilərə hörmət edin” şüarı ilə aksiya keçiriblər. Etiraz zamanı qarşıdurmalar yaşanıb, ukraynalı və avropapərəst fəallar əllərində Avropa İttifaqı və Ukrayna bayraqları, eləcə də “Sizin prezidentiniz Moskvada oturub” yazılı plakatlarla aksiya iştirakçılarına qarşı çıxıblar.

Siyasi şərhçi və "The Insider" nəşrinin köşə yazarı İvan Preobrajenski qeyd edib ki, mitinqin əsas məqsədi Çexiya prezidenti Petr Pavla təzyiq göstərmək olub. Oktyabrın əvvəlində keçiriləcək parlament seçkilərindən sonra məhz dövlət başçısı parlamentə düşən partiya liderlərindən birinə hökumət formalaşdırmaq mandatı verəcək. Onun sözlərinə görə, həm sol, həm də ifrat sağ qüvvələr sabiq baş nazir Andrey Babişin rəhbərlik etdiyi “Hə” (ANO) hərəkatı ilə koalisiya qurmağa ümid edir. Sorğular ANO-nun 30–35% səslə birinci yeri tutacağını göstərir. Preobrajenski əlavə edib ki, kommunistlər və millətçilər, eləcə də onların maliyyə dəstəkçiləri prezidentin onların hökumətə qoşulmasını bloklama ehtimalından ehtiyatlanırlar.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr