Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində keçirilən bələdiyyə seçkilərinin ikinci turunda gözlənilməz nəticələr qeydə alınıb.
“İki sahil” WDR-ə istinadla bildirir ki, təxminən 150 bələdiyyə sədri, böyük şəhər meri və əyalət şurası seçkilərində ən gözlənilməz nəticə Sosial Demokratlar Partiyasının (SPD) 1946-cı ildən sonra ilk dəfə Dortmund şəhər meri vəzifəsi uğrunda mübarizədə uduzması olub. Səksən ilə yaxın müddətdə SPD-nin alınmaz qalası sayılan şəhər meri vəzifəsinə Xristian Demokratlar İttifaqının (CDU) namizədi Aleksander Kalout seçilib. O, səslərin 52,9 faizini, SPD-dən olan hazırkı mer Tomas Vestfal isə 47,1 faizini toplayıb. Düsseldorf, Leverkuzen, Essen, Bilefeld, Bonn, Aaxen kimi əsas şəhərlərinin meri vəzifələrinə seçkilərdə də CDU-nun namizədləri birinci olublar.
Dortmunda uduzmasına baxmayaraq, SPD Köln şəhərindəki seçkilərdə qalib gəlib. Münster şəhərində isə Yaşıllar Partiyasının nümayəndəsi birinci olub. Gözlənilənin əksinə olaraq, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası uğur qazana bilməyib. AfD-nin Hagens, Duysburq və Gelsenkirxen şəhərləri üzrə seçkilərdə uğur qazanacağı ehtimal edilirdisə də, Hagensdə CDU, digər iki şəhərdə isə SPD qalib gəlib.