"Qarabağ" Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə qazanmaqla Çempionlar Liqasında davam edən yeni rekord müəyyənləşdirib.
Sportinfo.az xəbər verir ki, hazırda mübarizəni davam etdirən komandalardan yalnız Qazaxıstan "Kayrat"ı Çempionlar Liqasında daha erkən - I təsnifat mərhələsindən mübarizəyə başlayıb.
Almatı təmsilçisi Sloveniya "Olimpiya"sını (səfərdə 1:1, evdə 2:0), Finlandiya KuPS-ini (səfərdə 0:2, evdə 3:0), Slovakiya "Slovan"ını (səfərdə 0:1, evdə 1:0, penaltilərlə - 4:3) və Şotlandiya "Seltik"ini (səfərdə 0:0, evdə 0:0, penaltilərlə - 3:2) üstələyib. Göründüyü kimi, "Kayrat" bu oyunların heç birində səfərdə qələbə qazana bilməyib.
Kipr "Pafos"u da mübarizəyə "Qarabağ" kimi, II təsnifat mərhələsindən başlayıb. Əvvəlcə İsrailin "Makkabi Təl-Əviv" klubunu üstələyən (səfərdə 1:0, evdə 1:1) "Pafos" ardından Ukrayna "Dinamo Kiyev"ini (səfərdə 1:0, evdə 2:0) və Serbiya "Srvena Zvezda"sını (səfərdə 2:1, evdə 1:1) keçib. Lakin sentyabrın 17-də Liqa mərhələsinin ilk turunda Yunanıstanda qolsuz heç-heçə edən Kipr komandası səfər oyunlarındakı qələbə seriyasını "Qarabağ" kimi 4-ə çatdıra bilməyib.
Danimarka "Kopenhagen"i də Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Bu komanda ardıcıl olaraq, Kosovonun "Drita (səfərdə 1:0, evdə 2:0), İsveçin "Malmö" (səfərdə 0:0, evdə 5:0) və İsveçrənin "Bazel" (səfərdə 1:1, evdə 2:0) kollektivlərini mübarizədən kənarlaşdırıb. "Kopenhagen" "Qarabağ"dan fərqli olaraq, 3 səfər oyununun 2-dən heç-heçə ilə ayrılıb. Danimarka çempionunun dördüncü səfər matçı oktyabrın 1-də Bakıda məhz "Qarabağ"a qarşı olacaq.
Nəhayət, Belçika "Brügge"si Çempionlar Liqasında III təsnifat mərhələsindən çıxış etməyə başlayıb. "Brügge" Liqa mərhələsinədək Avstriya "Zaltsburq"unu (səfərdə 1:0, evdə 3:2) və Şotlandiya "Reyncers"ini (səfərdə 3:1, evdə 6:0) üstələyib. Bu komandanın növbəti səfər oyunu Liqa mərhələsinin II turunda İtaliyada "Atalanta"ya qarşı olacaq. Görüş sentyabrın 30-da keçiriləcək. Ötən mövsüm isə Belçika təmsilçisi 1/8 finalda İngiltərə "Aston Villasına uduzaraq (səfərdə 0:3, evdə 1:3) mübarizəni dayandırıb.