AZ

Gərginlik artır: Avropanın sərt həmləsi Lavrov dərin peşmanlıq dedi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb dövlətlərinə xəbərdarlıq edib. O, NATO və Avropa İttifaqının (Aİ) Rusiyanın hava məkanına mümkün müdaxiləsini ölkə suverenliyinin pozulması kimi qiymətləndirib. Lavrov belə bir addımın Qərb üçün “dərin peşmanlıq”la nəticələnəcəyini bildirib. Nazir həmçinin Rusiyanın heç bir ölkənin hava məkanını pozmağa cəhd etmədiyini vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Lavrovun bəyanatı səmimi görünmür:

“Çünki son günlər Rusiyaya məxsus dronlar Polşa, İtaliya, Almaniya, Rumıniya və Norveçin hava məkanını pozub. Bu ölkələr narahatlıqlarını bildiriblər və NATO da həmin dronların böyük ehtimalla Rusiyaya aid olduğunu təsdiqləyib. Rumıniya və Polşa ərazisinə düşən ilk dronların guya təsadüfən baş verdiyi iddia edilsə də, Rusiya rəsmiləri belə onların vurulduğunu etiraf ediblər. NATO-nun baş katibi Mark Rutte isə bəyan edib ki, bu dronların hansı ölkədən çıxmasından asılı olmayaraq, cavab veriləcək. Lavrov isə dronların Rusiyaya məxsus olmadığını iddia edib. Halbuki hər kəs bunun əksini yaxşı anlayır. Hətta dünya mətbuatında Kiyevdə partlayan dronlardan birinin Çinə aid olduğu barədə də yazılar dərc olunub”.

Politoloq qeyd edib ki, BMT-nin 80 illik yubiley sammitində Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə görüşdən sonra açıqlama verərək, ABŞ-dan Rusiyanın dərinliklərinə, hətta Moskva və Kremli vurmaq üçün “Tomahawk” tipli raketlərin istifadəsinə icazə aldığını bildirib:

“Onun sərt bəyanatında Kreml əməkdaşlarının sığınacaq axtarmağa hazırlaşmalı olduğu vurğulanıb. Buna cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi Peskov belə bir ssenarinin mümkün olmadığını açıqlayıb. Hazırda Rusiya-Ukrayna danışıqlarında heç bir irəliləyiş yoxdur. ABŞ səfəri öncəsi Prezident Rəcəb Tayyib Ərdoğan da bu prosesin nəticəsiz qaldığını qeyd etmişdi. Beləliklə, müharibənin uzunmüddətli olacağı aydın görünür. Peskov da bəyan edib ki, Rusiyanın dərinliklərinə mümkün hücumlar danışıqları tamamilə dalana dirəyəcək”.

Y.Bağırzadə bildirib ki, Rusiyanın Avropa ölkələrinin hava məkanını pozmaqda bir neçə məqsədi var:

“Əvvəla, bu ölkələrin seçicilərini qorxudaraq hökumətlərindən Ukraynaya yardımı dayandırmağı tələb etmələrinə nail olmaq istəyir. İkincisi, NATO ölkələrinə mesaj göndərmək, yəni Ukrayna müharibəsinə qarışmayın. Üçüncü səbəb isə Avropada radikal sağçı və solçu qüvvələrin hakimiyyətə gəlməsinə şərait yaratmaqdan ibarətdir. Çünki bu qüvvələr ənənəvi olaraq Rusiya ilə əməkdaşlığa daha açıqdır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr