Prezidentlərin təhlükəsizlik xidmətinin rəhbərləri çox vaxt ictimaiyyətə görünmürlər, lakin onların qərarları bir ölkənin siyasi sabitliyində həlledici rol oynaya bilir. Bu xidmətlərin başında duran şəxslər həm yüksək peşəkarlığa, həm də dövlət başçısına şəxsi sədaqətə görə seçilir.
Onlar çox vaxt kəşfiyyat və ya xüsusi təyinatlı qüvvələrdən gətirilir; dövlət başçısına illərlə yaxın çevrədə xidmət etmiş şəxslər arasından seçilir; mühafizə, protokol, təhlükəsizlik texnologiyaları sahəsində ciddi təcrübəyə malik olurlar.
Bu rəhbərlər yalnız fiziki mühafizə deyil, həm də informasiya təhlükəsizliyi, daxili təhdidlərin izlənməsi və beynəlxalq təhlükəsizlik məsələlərinə görə də cavabdehdirlər.
Prezidentlərin təhlükəsizlik xidmətinin rəhbərləri böyük sirr daşıyıcısıdırlar – Onlar dövlət başçılarının şəxsi rejimi, planları, hətta sağlamlıq vəziyyəti barədə məlumatlı olurlar. Müstəqil qərar verə bilməsələr də, prezidentə ən yaxın olan şəxslər sırasında sayılırlar. Dövlət çevrilişi və ya fövqəladə hallar zamanı isə böyük səlahiyyətlər qazana bilirlər.
Prezidentlərin təhlükəsizlik xidmətinin rəhbərləri dövlətin ən kritik postlarından birini tutan şəxslər olaraq həmişə maraq doğurublar.
O, Rusiya prezidenti Vladimir Putinlə demək olar ki, hər gün ünsiyyətdə olan çox az sayda insanlardan biridir. Onun adı xəbərlərdə görünmür, lakin Rusiyanın ali rəhbərliyində ən nüfuzlu şəxslər sırasında dayanır. Söhbət Rusiya prezidentinin ən yaxın çevrəsindəki şəxslərdən birindən – dövlət başçısının həyatını etibar etdiyi Təhlükəsizlik Xidmətinin rəhbərindən - Aleksey Rubejnoydan gedir.
Modern.az saytı Rusiya mətbuatını araşdıraraq Vladimir Putinin cangüdənlərinin rəhbəri haqqında məlumat toplamağa çalışıb. Aleksey Rubejnoy haqqında açıq mənbələrdə o qədər də geniş və detallı məlumat yoxdur.
Rusiya KİV-ləri yazırlar ki, Putin həyatını təsadüfi insanlara etibar etmir. Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsi Rusiyada çox strateji önəm daşıyır: o, prezidentin ən güvəndiyi şəxslərdəndir.
A.Rubejnoy Putinin fiziki təhlükəsizliyinə, prezidentə qarşı daxili və xarici təhdidlərə cavab vermək baxımından son dərəcə kritik postda çalışır. Xüsusilə də hazırda Ukrayna və dolayısı ilə də Qərblə müharubə aparan dövlətdə bu vəzifəni tutmaq çox çətin və məsuliyyətli iş hesab olunur. O, həm peşəkar, həm də şəxsi səviyyədə etimad tələb edən vəzifə tutur.
Rusiya mənbələri bildirirlər ki, Aleksey Rubejnoy öz vəzifəsinin öhdəsindən məharətlə gəlir və hazırda Vladimir Putinin ən güvəndiyi şəxs hesab olunur. Əks halda, 9 ildir prezidentin həyatına cavabdehlik daşıyan əsas şəxs olaraq qalmazdı.
Aleksey Rubejnoy 2016-cı ilin 28 iyununda Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. O, Putini hər yerdə yorulmadan izləyir və onun iki metrlik məsafəsində dayanır.
Rusiya Prezidentinin Təhlükəsizlik Xidməti elə bir qurumdur ki, onun rəhbəri dövlət başçısının səfərlərində, kəşfiyyatla əlaqəli məqamların koordinasiyasında və şəxsi təhlükəsizlik strategiyasının həyata keçirilməsində aktiv rol oynayır - bu da Aleksey Rubejnoyu dövlətin təhlükəsizlik maşınında strateji əhəmiyyətli fiqura çevirir.
2018-ci ildən general-polkovnik rütbəsi daşıyan Aleksey Rubejnoy keçmiş hərbçi və peşəkar boksçudur. O, hazırda Rusiya Boks Federasiyasının Ali Müşahidə Şurasının sədri vəzifəsini də tutur.
Rubejnoy Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə qədər Putinin şəxsi adyutantlarından biri olub.
61 yaşlı general 1 mart 1964-cü ildə Moskvada doğulub. 2015-ci ilin dekabrından 2016-cı ilin may ayına qədər Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin direktor müavini vəzifəsində çalışıb.
Onun tam təhsil yolunun detalları, dəqiq karyera xronologiyası haqda məlumatlar məhduddur. Putinin Təhlükəsizlik Xidməti dövlət başçısının gündəlik və səfər təhlükəsizliyi, yaxın ətrafının qorunması, onun yaşayış və iş yerlərinin mühafizəsi kimi funksiyaları icra edir. Bu strukturun fəaliyyəti və əməliyyatları çox vaxt qapalı aparılır - bu səbəbdən onun rəhbəri barədə açıq məlumatlar nadir hallarda verilir.
Qeyd edək ki, Aleksey Rubejnoy 2000-ci ildən bəri Prezidentin Təhlükəsizlik Xidmətinə rəhbərlik edən 4-cü şəxsdir. Daha əvvəllər bu vəzifəni Viktor Zolotov (2000-2013-cü illər), Oleq Klimentyev (2013-2015-ci illər) və Dmitri Koçnev (2015-2016-cı illər) tutub.
Aleksey Rubejnoy bir vaxtlar “Alfa” xüsusi təyinatlı dəstsində də xidmət edib.
“Alfa” qrupunun Veteranlar Assosiasiyasının vitse-prezidenti Aleksey Filatov Prezidentin Təhlükəsizlik Xidmətinin hazırkı rəhbərini bu vəzifəyə ən layiqli zabit hesab edir.
"O, demək olar ki, bütün yetkin həyatı boyu Rusiya dövlətinin maraqlarına xidmət edib, ən mürəkkəb antiterror əməliyyatlarında iştirak edib, öz həyatını riskə ataraq başqalarının həyatını qurtarıb. Aleksey Rubejnoy uzun illər hərbi sistemdə xidmət keçib, “Alfa” qrupunda döyüş əməliyyatlarına nəzarət edərək fərqlənib. O, döyüş əməliyyatları apara bilən çox bacarıqlı zabitdir”,-deyə A.Filatov mətbuata açıqlamalarının birində Rusiya prezidentinin cangüdənlərinin rəhbərini tərifləyib.
Lakin Aleksey Rubejnoy da Rusiyadakı əksər vəzifəlilər kimi “aydan arı, sudan duru” deyil. Onun da adı bəzi qaranlıq işlərdə hallanır.
Son illər müstəqil jurnalist araşdırmaları və bir sıra xarici mənbələr Aleksey Rubejnoyun yaxın çevrəsinə daxil olan bəzi şəxslərin biznes yüksəlişlərindən, dolayı yollarla hədsiz dərəcədə varlanmasından yazırlar. Bu yazılarda Rubejnoyun öz əlaqələrindən istifadə edərək çevrəsində olan bəzi şəxslərə geniş imkanlar yaratdığı iddia olunur.
Cangüdənlər prezidentə gecə-gündüz çıxışı olan yeganə insanlardır və bunun sayəsində onlar bir çox biznes və kadr məsələlərini həll edə bilirlər. Qərb mətbuatının araşdırmalarına görə, Rusiyada Pezident Qvardiyası korrupsiya hallarından kənarda deyil və bu işdə Təhlükəsizlik Xidmətinin rəhbəri mühüm rol oynayır. Bəzi tədqiqatlara görə, general Aleksey Rubejnoyun rəhbərliyi altında Putinin mühafizəçiləri görünməmiş “kommersiya uğurları”na imza atıblar.
Onun ailə üzvləri haqqında da belə məlumatlar yayılıb. Rusiyanın "Proyekt" nəşri yazır ki, rəsmi olaraq ildə 5-7 milyon rubl qazanan Aleksey Rubejnoyun ailəsi əsl gəlirlərini daha ehtiyatla gizlətməli olur. Sözügedən nəşr idda edir ki, 2023-cü ildə Rubejnoyun böyük qızı Nadejda çox geniş bir ev və Moskva şəhəri ətrafındakı elitar Semyonovka qəsəbəsinə milyonlarla rubl qiyməti olan üç böyük torpaq sahəsi alıb.
Bu qəbildən olan məlumatlarda Rubejnoyun heç vaxt rəsmi iş yeri olmayan həyat yoldaşı İrinanın da adı keçir və onun adına olan çox sayda daşınmaz əmlakdan söhbət açılır. Məsələn, rəsmi sənədlərdə sıfır gəlirə malik olmasına baxmayaraq, İrina Rubejnaya 2018-ci ildə Rublevskoye şossesinin yaxınlığında yerləşən elitar "Qərb iqamətgahı" ərazisində çox geniş torpaq sahəsi olan malikanə alıb ki, onun da qiyməti 33,9 milyon rubl təşkil edib.
Aleksey Rubejnoyun adı Rusiyanın Boks Fedarasiyası ətrafındakı qanunsuz maliyyə əməliyyatlarında da hallanır.
Beləliklə, Aleksey Rubejnoyun fəaliyyəti yalnız sırf təhlükəsizlik çərçivəsində məhdudlaşmır. Onun fəaliyyətinə dair rəylər ziddiyyətlidir: bir qrup onu səmərəli təhlükəsizlik strategiyasının memarı sayır, digərləri isə sərt və qapalı sistemin "qaranlıq fiquru" kimi tənqid edir. Lakin istənilən halda o, Vladimir Putinin təhlükəsizlik strukturunda mühüm bir sütun olaraq qalır və Rusiya siyasətindəki ən vacib simalardan biri kimi diqqət çəkir
P.S. Bu yazının davamı kimi Vladimir Putinin cangüdənləri haqda növbəti materialımız olacaq.
Əfqan Qafarlı