AZ

Soyuqdəymə zamanı uzaq durmalı olduğunuz qidalar açıqlandı

Soyuqdəymə dövründə düzgün qidalanma orqanizmin virusa qarşı mübarizəsində mühüm rol oynayır. Həkimlərin sözlərinə görə, ağır və çətin həzm olunan yeməklər bədənin əlavə enerji itirməsinə səbəb olur.

Editor.az xəbər verir ki, həkim Oksana Mixaleva açıqlamasında bildirib ki, xəstəlik zamanı fast food, duzlu qəlyanaltılar, qazlı içkilər, yağlı və qızardılmış yeməklərdən tamamilə imtina edilməlidir.

Onun sözlərinə görə, iştaha zəif olduqda belə, orqanizmin maye qəbul etməsi çox vacibdir:

“Bədən maye qəbul etdikcə toksinləri daha tez xaric edir. Meyvə şirələri, kompotlar, eləcə də bal əlavə olunmuş ilıq süd orqanizm üçün faydalıdır. Bu içkilər həm susuzluğu aradan qaldırır, həm də enerji verir”.

Mütəxəssis əlavə edib ki, xəstəlik zamanı qırmızı ət, şirniyyat və xəmir məmulatları da rasiondan çıxarılmalıdır. Ən yaxşı seçimlər yüngül şorbalar, toyuq və ya balıq bulyonu, sıyıq, qaynadılmış tərəvəz, yağsız balıq və fermentləşdirilmiş süd məhsullarıdır.

Dietoloq qeyd edib ki, soyuqdəymə zamanı yeməklər sadə və asan həzm olunan formada hazırlanmalıdır: “İlk günlərdə orqanizm ən çox bulyon, şorba, sıyıq və yaxşı bişmiş ətə müsbət reaksiya verir. Sağaldıqdan sonra isə tədricən digər qidaları da rasiona qaytarmaq olar”.

Mixaleva həmçinin vurğulayıb ki, düzgün qidalanma ilə yanaşı, tez sağalma üçün kifayət qədər yuxu, otağın havalandırılması, normal rütubət və temperaturun saxlanılması da mühüm şərtlərdəndir. Qızdırma olmadığı halda təmiz havada gəzintilər də immuniteti gücləndirir.

“Əgər vəziyyətiniz pisləşirsə, yüksək hərarət, güclü halsızlıq və ya digər narahatedici əlamətlər hiss edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin”, – deyə həkim xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr