AZ

Azərbaycan həqiqətlərinin beynəlxalq tribunadan bəyanı

Prezident İlham Əliyev: “Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi”

 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu, yalnız hərbi-siyasi uğur deyil, həm də uzun illər işğal altında qalmış ərazilərin azadlığı, milli ləyaqətin bərpası və bir milyondan çox məcburi köçkünün doğma torpaqlarına dönüş ümidi idi. Prezident İlham Əliyev 2025-ci ilin 25 sentyabr tarixində BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bu strateji və milli əhəmiyyətli proseslərə toxunaraq Azərbaycan dövlətinin sülhə, yenidənqurmaya və ədalətə əsaslanan siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. O, çıxışında uzun illər davam edən işğal, uğursuz vasitəçilik təşəbbüsləri və nəhayət, Azərbaycanın ərazi bütövlüyünü hərbi və hüquqi müstəvidə necə bərpa etdiyini detallı şəkildə təqdim etdi. Prezidentin nitqinin əsas hissələrindən biri isə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquqa uyğun davranışı ilə bağlı idi.

 Otuz ilə yaxın müddətdə aparılan danışıqlar nəticəsiz qaldı. Ermənistan müxtəlif illərdə həyata keçirdiyi siyasi təxribatlarla danışıqları ya uzadır, ya da pozurdu. Azərbaycan isə bütün bu illər ərzində beynəlxalq hüquq çərçivəsində münaqişənin sülh yolu ilə həllinə sadiq qaldı. Lakin bu səbir və hüquqi yanaşma nəticə vermədikdə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, yəni özünümüdafiə hüququndan istifadə edərək, 2020-ci ilin sentyabrında Vətən müharibəsinə başladı.

 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi, Azərbaycan tarixində təkcə hərbi qələbə deyil, həm də haqqın və ədalətin bərpası kimi yadda qaldı. Prezident İlham Əliyev BMT-dəki çıxışında Azərbaycanın bu müharibəni beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə apardığını vurğuladı. Müharibə zamanı Ermənistan tərəfindən aşağıdakı ağır beynəlxalq hüquq pozuntuları qeydə alındı. Belə ki, Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlər ballistik raketlərlə, kasetli bombalarla vuruldu. Nəticədə 100-dən çox günahsız mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldu. Ermənistan bu hücumlarla Cenevrə Konvensiyasını açıq şəkildə pozdu. Bu hücumlar mülki əhalinin qəsdən hədəfə alınması kimi təsnif edilir və müharibə cinayətləri kateqoriyasına aiddir. Buna qarşılıq olaraq Azərbaycan Ordusu mülki əhalini hədəfə almadı. Qeyri-hərbi infrastrukturu bombalamadı. Beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına tam əməl etdi. Bu faktlar təkcə Azərbaycanın hərbi deyil, etik və hüquqi üstünlüyünü də təsdiqləyir. 44 gün ərzində Azərbaycan Ordusu işğal altında olan şəhərləri və kəndləri addım-addım azad etdi. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi və tarixi ədaləti bərpa etdi.

 Bu qələbə beynəlxalq hüququn qələbəsi idi. Azərbaycan sübut etdi ki, əgər beynəlxalq təşkilatlar hərəkətsizdirsə, dövlətlər öz hüquqlarını özləri təmin etməlidirlər. Prezident İlham Əliyev çıxışında Ermənistanın işğal dövründə törətdiyi hərbi cinayətlərə və genişmiqyaslı dağıntılara xüsusi diqqət çəkdi. İşğal altında qalan ərazilərdə yüzlərlə şəhər və kənd yerlə-yeksan edilib. Bu, sadəcə mülki infrastrukturun dağıdılması deyil, həm də bir xalqın tarixinin, mədəniyyətinin və irsinin sistemli şəkildə məhv edilməsi idi. 65 məscidin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması, onların bəzilərində isə heyvan saxlanması faktı beynəlxalq hüququn və mədəni irsə hörmət prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bütün bu vandalizm aktları Ermənistanın uzun illər ərzində apardığı məqsədyönlü assimilyasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. Bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən müvafiq şəkildə sənədləşdirilməli və qiymətləndirilməlidir.

Qələbədən dərhal sonra Azərbaycan dövləti genişmiqyaslı yenidənqurma və bərpa prosesinə start verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramı azad olunmuş torpaqlarda həyatın yenidən canlandırılması məqsədi daşıyır. Bu proqram çərçivəsində dağıdılmış infrastrukturun – yolların, məktəblərin, xəstəxanaların, enerji və su təchizatı sistemlərinin bərpası prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Cəmi beş il ərzində 50 mindən çox insan öz doğma torpaqlarına qayıdıb. Onlar bu gün orada yaşayır, işləyir, təhsil alır və quruculuq prosesində fəal iştirak edirlər. Bu, dövlətin insan kapitalına verdiyi önəmin və vətəndaş rifahına yönəlik siyasətinin bariz nümunəsidir.

Azərbaycan azad edilmiş ərazilərdə təkcə fiziki bərpa ilə kifayətlənmir. Bu ərazilər müasir texnologiyalarla təchiz edilmiş "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyası əsasında inşa edilir. Ağalı kəndi və Laçın şəhəri bu baxımdan nümunəvi layihələrdir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji” zonası elan olunub. Günəş və külək enerjisi layihələri, “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının istifadəyə verilməsi Azərbaycanın ətraf mühitə hörmət prinsipini və dayanıqlı inkişaf strategiyasını təsdiqləyir. Prezident İlham Əliyev çıxışında sülh çağırışlarını da təkrarən vurğuladı. O, Azərbaycanın regionda dayanıqlı sülhün tərəfdarı olduğunu, lakin Ermənistanın bu istiqamətdə qeyri-konstruktiv mövqe sərgilədiyini diqqətə çatdırdı. Sülh sazişinin imzalanması üçün əsas beynəlxalq prinsip kimi tanınan ərazi bütövlüyü və suverenlik prinsipləri Azərbaycanın mövqeyinin əsasını təşkil edir. Azərbaycanın azad edilmiş torpaqlarda həyata keçirdiyi yenidənqurma prosesi təkcə bir ölkənin daxili inkişafı deyil, həm də beynəlxalq səviyyədə sülh və sabitliyə töhfədir. "Böyük Qayıdış" təkcə fiziki məkanın deyil, həm də milli kimliyin, mədəniyyətin və tarixi ədalətin qayıdışıdır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan sülhə hazırdır, lakin heç vaxt işğalı və təcavüzü unutmayacaq. Azərbaycanın gələcəyə baxışı modern, dayanıqlı və inklüziv bir cəmiyyət qurmaq, işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanmasını təmin etməkdir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn tərəfdarı olub və qalır. İşğal altındakı torpaqlar hüquqi və siyasi yollarla azad olunmadığı üçün ölkə BMT Nizamnaməsinə uyğun hərbi vasitə ilə öz hüququnu təmin etdi. Ermənistan isə həm işğal, həm də müharibə zamanı çoxsaylı beynəlxalq hüquq pozuntularına yol verdi.

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri

 

Seçilən
21
5
news365.az

6Mənbələr