AZ

Tüstüsüz gələcəyin Astanasında - Qazaxıstanın paytaxtından 2030-a baxış

Qazaxıstanın paytaxtı Astana şəhəri İşim çayının hər iki sahilində yerləşir.

Sol, şimal sahildə əsasən SSRİ dövründə tikilmiş köhnə binalar yerləşir. İşimin sağ sahilində isə yeni tikililər, müasir biznes-əyləncə mərkəzləri salınıb. Belə demək mümkünsə İşimin sol sahili köhnəliyi, sağ sahili isə yeniliyi, innovasiyanı, gələcəyi simvolizə edir. Philip Morris International (PMI) tərəfindən təşkil edilən Technovation konfransının keçirilmə yeri də Astanın biznes mərkəzləri və yeni tikililərinin yerləşdiyi şəhərin müasir hissəsində idi. Sanki PMI bu məkanı seçməklə Astanadan dünyaya mesaj ötürürdü - dünya inkişaf edir və şirkət də bu inkişaf, müasirliyin fonunda yerində saymaq fikrində deyil. XXI əsr inkişaf və innovasiya əsridir və inkişaf dinamikasına uyğunlaşmaq zamanın reallığıdır.

Bu dövrdə texnoloji yeniliklər o qədər sürətlə dəyişir ki, öz resurslarını innovativ məhsulların hazırlanmasına səfərbər edən şirkətlər ön sıralarda olacaqlar. Bu cür şirkətlər öz yeni kəşfləri ilə təkcə öz sahələrində dəyişikliyə deyil, eyni zamanda bütün dünyada milyonlarla insanın vərdişlərinin dəyişməsinə də səbəb olurlar. PMI da bu cür şirkətlər sırasında ilk yerləri tutur. Şirkət elmi nailiyyətlər, araşdırmalar və texnoloji yeniliklərə investisiya yatıraraq tüstüsüz gələcəyi prioriteti elan edib.

"Siqaret çəkmirsinizsə başlamayın, çəkirsinizsə tərgitin, tərgitmirsinizsə dəyişin" devizini əlində əsas tutan PMI dəyişərək inkişaf etməyi məqsəd kimi seçib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamalarına görə dünyada 1,2 milyarddan çox siqaret çəkən var. Bu da dünya əhalisinin təxminən 22 faizindən çoxu deməkdir. Bu insanların ən yaxşı seçimi siqareti tərgitmək olsa da onlar bunu həvəssiz edirlər. Ona görə də müasir dünyada həmin insanlara alternativlər təqdim etmək çox önəmlidir. Çünki hər bir siqaret istifadəçisi siqareti yandırarkən onun tüstüsündə 6000-dən çox kimyəvi maddə əmələ gəlir. Bunlardan 100-ü insan orqanizmi üçün xüsusilə zərərli maddələr hesab olunur. Tüstüsüz alternativlərdən istifadə edərkən isə insanlar nikotinə olan tələbatlarını ödəyirlər. Fərq isə odur ki, tütün yanma prosesinə məruz qalmadığı üçün o miqyasda zərərli maddələr yaranmır. Technovation Astana-da əsas bu amil ana xətt olaraq iştirakçıların diqqətinə çatdırılırdı.

Sağlamlıq və sosial qayğı xidmətlərini təkmilləşdirmək üçün milli təlimat və tövsiyələr təmin edən bir qurum olan Böyük Britaniyanın Sağlamlıq və Tibbi Qulluq üzrə Milli İnstititunun (The National Institute for Health and Care Excellence - NICE) açıqlamasına görə insanlarda xəstəliyə səbəb olan nikotin yox məhz tütünün tüstüsüdür. Nikotin ziyansız deyil və asılılıq yaradır, lakin o, siqaret çəkməklə əlaqədar xəstəliklərin əsas səbəbi deyil. Elmi cəhətdən sübut edilmişdir ki, tüstüsüz tütün məmulatlarının buxarında olan zərərli maddələrin miqdarı siqaret tüstüsü ilə müqayisədə 90-95% daha azdır. PMI məhz elmi araşdırmalara investisiya yatırmaqla bəşəriyyətdə tüstüsüz gələcəyin daha yaxınlaşmasını reallaşdırır. Bu proses gələcək innovasiya, investisiya və elmi yeniliklər sayəsində daha tez reallaşacaq.

PMI şirkətinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə vitse-prezidenti Tommaso Di Covanninin də bildirdiyinə görə, şirkətin təklif etdiyi məhsullar sayəsindən dünyada 34 milyon insan siqaretdən imtina edib. Qısa zaman kəsiyində İtaliya, Yaponiya, Yeni Zelandiya, İsveç, İslandiya, Böyük Britaniya və ABŞ kimi ölkələrdə siqaret çəkən şəxslərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur. Türkiyə, Tailand və Braziliya kimi tüstüsüz məhsulların qadağan edildiyi və ya ciddi məhdudlaşdırıldığı ölkələrdə isə siqaret çəkən insanların sayında azalma dinamikası çox azdır. Məsələn, siqaret çəkmə səviyyəsi Yaponiyada 2014–2019 illər ərzində 14.5%, İsveçdə (2004–2021) 49.5%, İslandiyada (2011–2021) 50.0%, Yeni Zelandiyada (2011–2020) isə 52.8% azaldığı halda Türkiyədə (2014–2019) 1,2%, Tailandda (2011–2017) 12.6%, Braziliyada isə (2008–2019)13.9% azalma qeydə alınıb.

Buradan bir nəticəyə gəlmək olar - harada innovasiyaları qəbul edərək, istehlakçıların istifadəsi üçün şərait yaradırlar orada pozitiv dəyişikliklər baş verir. PMI 2008-ci ildən tüstüsüz məhsulların elmi cəhətdən araşdırılması prosesinə 14 milyard dollar vəsait xərcləyib. Bu da dünyada siqaret çəkməyə davam edən istehlakçıların daha tez alternativlərə yönəlməsini təmin edir. PMI qarşısına inqilabi sayıla biləcək hədəf qoyub - 2030-ci ilədək tüstüsüz şirkətə çevrilərək, gəlirlərinin 3/2-ni bu innovativ məhsulların satışından əldə etmək. Bu gün Philip Morris International tütün sənayesində transformasiyanı həyata keçirərək tüstüsüz gələcəyin təminatı sahəsində lider şirkət sayılır.

Hazırda dünya əhəmiyyətli dəyişikliklər astanasındadır. Çox tez bir zamanda siqaret çəkənlərdən ibarət hazırkı nəslin tarixdə ən son siqaret istehlak edən nəsil olaraq tarixə düşəcəyi gözlənilir. Astanada bu tüstüsüz gələcəyi indidən görmək olurdu.

Azad ƏLİYEV

Seçilən
18
1
far.az

2Mənbələr