AZ

ATMU da Anım Günü qeyd olunub

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Turizm və Menecment Universitetində Anım Günü qeyd olunub. Şəhidlərin xatirəsi Dövlət himni və 1 dəqiqəlik sükutla yad edildikdən sonra ATMU-nun rektoru İlham Mədətov erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il 27 sentyabrda Vətən müharibəsinin başlandığını xatırladıb. 

 O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən məkrli düşmənin təxribatlara əl atdığını, günahsız mülki insanları belə hədəf aldığını xatırladıb. Rektor Ali Baş Komandan, prezident İlham Əliyevin cəsarətli xarici və daxili siyasəti, əsgər və zabitlərimizin, şəhid və qazilərimizin qəhrəmanlıqları, təmannasız vətən sevgisi sayəsində işğal altında qalan doğma yurdlarımızın azad olundunu deyib. Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramını bildirib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

 ATMU-nun professoru Məhərrəm Zülfüqarlı yeni nəsil gənclərimizin 30 illik vətən həsrətinə 44 gün ərzində son qoyduğunu diqqətə çatdırıb. Professor qeyd edib ki, prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Tədbirdə ATMU-nun məzunu olmuş Vətən Müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənov çıxış edərək bildirib ki, heç bir müharibə itkisiz deyildir, lakin həmin şəhidlərimiz sayəsində Azərbaycan xalqı qələbə sevincini yaşayıb. O, şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib. 

Universitetin Vətən müharibəsində iştirak etmiş məzunları Anar Talıbov və Nicat Əlizadə də tədbirin fəxri qonaqları sırasında yer alıblar. 

Qeyd edək ki, ATMU-nun Biznes idarəçiliyi fakültəsinin menecment ixtisasının məzunu Məhəmmədəli Həsənzadə 2020-ci il noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ümumiyyətlə isə ATMU-nun 60 nəfərdən artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib. 

Anım mərasimində Vətən müharibəsi tarixinə həsr olunmuş və şəhid Məhəmmədəli Həsənzadənin ruhuna ehtiram əlaməti olaraq hazırlanmış video-çarxlar nümayiş olunub.  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmək məqsədilə universitetin struktur rəhbərləri və tələbələrin iştirakı ilə 27 sentyabr – Anım günü Zəfər parkı ziyarət edilib.

Z.HüseynovaXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr