AZ

Moldovadakı seçkilər və geosiyasi çəkişmə- ÖZƏL

"Müasir dövrdə bəzi dövlətlərdəki seçkilər daxili auditoriya ilə bərabər xarici qüvvələri bəlkə daha çox maraqlandırır və burada xalq ayrı - ayrı qlobal oyunçuların maraq obyektinə çevrilir. Ermənistanda, Moldovada, Gürcüstanda keçirilən parlament seçkiləri bu qəbildəndir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: " Məlum olduğu kimi sentyabr ayının ən vacib mövzularından biri Moldovadakı parlament seçkiləri idi.  Sentyabrın 28-də baş tutan seçkilər ölkənin gələcək yolunu faktiki müəyyən etməkdədir. Növbəti dörd il üçün seçiləcək parlament ya ölkəni 2024-cü il iyunun 25-də rəsmi üzvlük danışıqları açılan Avropa İttifaqına doğru aparacaq, ya da Rusiya ilə münasibətlərin inkişafını dəstəkləyən qüvvələrin gəlməsi ilə Aİ-yə inteqrasiya prosesi dondurulacaqdı. 


Proqnozlaşdırıldığı kimi bu dəfə parlamentə 4 deyil, 5 partiya daxil olmaqdadır. İndiki ölkə lideri M. Sandu 50 faiz civarında səs toplayaraq ilk yeri qazanıb. Sosialist Partiyası (PSRM), Kommunistlər və Moldovanın Gələcəyi partiyalarını birləşdirən Rusiyayönlü Vətənpərvərlər Bloku 24,25% səslə ikinci yeri tutub. Özünü avropapərəst adlandıran, lakin keçmişləri Rusiya ilə bağlı olan  siyasətçilərin daxil olduğu Alternativ blok 7,98% səslə ilk üçlüyü tamamlayıb. 
Renat Usatovun "Bizim Partiya" partiyası da  6,2% səslə parlamentə daxil oldu. Sürprizi isə Vasiliy Kostyukun "Evdə Demokratiya" partiyası etdi,   seçki kampaniyasını hökumət rəsmilərini tənqid edən TikTok videoları üzərində quran bu partiya səslərin   5,6% səs toplayaraq minimal barajı keçə bildi. 
Seçkilərdən əvvəl istər hökumət, istərsə də müxalifət kütləni səfərbər etmək üçün kəskin bəyanatlar verməklə məşqul idilər. Ölkə prezidenti Sandu Rusiyanı Moldovadakı seçkilərə müdaxilə etməkdə günahlandıraraq əgər "onlar" qalib gəlməsə Kremlin bu ölkədə oturacağını və Odessaya hücum edəcəyini bildirmişdi. Öz növbəsində keçmiş prezident İ. Dodon hakimiyyəti seçkilərə müdaxilədə günahlandırmaqda hələ də davam edir. 
Qeyd edim ki, dünənki seçkilər 1 il əvvəl baş tutan prezident seçkiləri və referendum kimi faktiki olaraq eyni nəticələri göstərdi. Həmin dövrdə Avropadakı diasporanın hesabına son anda hakim partiya qalib gəlməyi bacarmışdı. Maraqlısı budur kı, həmin dövrdə də, dünənki seçkilərdəki kimi əhalinin demək olar ki yarısı proseslərdən uzaq qalmağa üstünlük verib. Partiyalar arasında ideoloji fərqlərin kəskinləşdiyi seçkilərdə  "qərarsız" seçicilərin sayı azalmadı ("Undecided voters" ) . Bunun bir neçə səbəbi ola bilər. Birincisi, əhali geosiyasi seçim kimi məsuliyyətli addımdan qaçaraq gündəlik çağırışlar haqqında düşünür. Yüksək inflyasiya, enerji qiymətləri, həyat xərclərinin artması - bu kimi gündəlik problemlər insanları daha çox konkret maddi və sosial məsələlərə yönəltmiş ola bilər, ideoloji-siyasi seçimlər ikinci planda qala bilər.  Digər tərəfdən, əhalinin bir hissəsi seçkinin nəticələrinin öz sosial durumlarına dərhal fayda gətirməyəcəyini düşünə bilər. Bu növ "faydanın ( qazancın)  gec gələcəyi" düşüncəsi motivasiyanı azalda bilər. Sorğular  da göstərirdi ki, yerli seçicilərin böyük hissəsi hələ seçkilərdə necə səs verəcəyini qərarlaşdırmamışdı və ya səs verməyi düşünməyənlər arasında narazılıq və ümidsizlik var idi. 
Beləliklə, Moldovada  ölkənin gələcəyi, milli indentiklik, xarici siyasətlə bağlı  baxış bucağında kəskin qütbləşmə var və cəmiyyət faktiki olaraq iki yerə parçalanmışdır.  Bu parçalanma həm regional xətt üzrə (şəhər-kənd, mərkəz-periferiya), həm də nəsillər arasında özünü göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr