AZ

Bakıda keçirilən COP29 tarixin ən uğurlu COP konfranslarından olub - Yalçın Rəfiyev

Bakıda keçirilən COP29 tarixin ən uğurlu COP konfranslarından olub.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda çıxışında deyib.

"Bakı konfransı miqyası ilə seçilirdi - tədbirdə 76 mindən çox insan iştirak edirdi, bundan başqa yüksək səviyyədə iştirakçılıqla fərqləndi. COP29, tədbirdə iştirak edən dövlət və hökumət başçılarının sayına görə COP konfransları arasında ikinci ən böyük konfrans kimi tarixə düşüb. O, həmçinin dövlət qurumlarının, özəl sektorun, elmi ictimaiyyətin, vətəndaş cəmiyyətinin və yerli xalqların nümayəndələrini birləşdirən ən inklüziv konfranslardan biri oldu",- deyə o bildirib.

Yalçın Rəfiyev Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsinin keçirildiyini xatırladaraq orada bir çox liderlərin yeni iqlim planlarını təqdim etdiklərini diqqətə çatdırıb.

"Bu siyasi bəyanatları dinləyərkən iqlim maliyyələşdirməsini təmin etməsi gözlənilən dövlətlərin - başlıca olaraq inkişaf etmiş ölkələrin öz öhdəliklərini yerinə yetirəcəklərinə əmin olmalıyıq",- deyə diplomat bildirib.

O, Bakı COP konfransı irsinin davamlılığının təmin edilməsinin vacibliyini qeyd edib.

"Bu, yalnız qəbul olunmuş qərarların icrası deyil, həm də Bakıda əsası qoyulmuş müsbət təcrübənin qorunması və inkişaf etdirilməsidir", - deyə Yalçın Rəfiev söyləyib.

Xarici işlər nazirinin müavini eyni zamanda növbəti konfrans ərəfəsində braziliyalı tərəfdaşlarla aparılan əməkdaşlıqdan söz açıb.

"Biz həmçinin 1,3 trilyon ABŞ dolları məbləğində iqlim maliyyələşdirilməsi məqsədi ilə "Bakı-Belen" yol xəritəsinin gerçəkləşdirilməsi üçün braziliyalı tərəfdaşlarımızla aktiv əməkdaşlıq edirik. Bu vəzifə inkişaf etməkdə olan ölkələrin tələbatlarının lazımi səviyyədə maliyyələşdirilməsini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir", - deyə nazir müavini bildirib.

Seçilən
19
1
day.az

2Mənbələr