AZ

Hazırda 2300 avtobusdan 2076-da nağdsız ödəniş mövcuddur - Rəsmi

Hazırda Bakı və Abşeron ərazisində 2,076 avtobus nağdsız ödəniş sistemini dəstəkəyir. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. 

Bakı və Abşeronda xəttə gündəlik 2300 avtobus cəlb edilir. 

"Paytaxtda ictimai avtobus marşrutlarında nağdsız ödəniş sisteminə keçid prosesi sürətlənir, bu keçid avtobus parkının yenilənməsi və texniki uyğunluq imkanlarından asılı olaraq mərhələli şəkildə həyata keçirilir. Hazırda Bakı və Abşeron rayonu ərazisində 2,076 avtobus nağdsız ödənişi dəstəkləyir. Yeni prezident fərmanı ilə “brutto” müqavilə modelinə keçid bu prosesin sürətini artıracağı gözlənilir. Paytaxt ərazisində sərnişin daşımaları 27 daşıyıcı tərəfindən təmin olunur və gündəlik 2,300 avtobus marşrutlara cəlb edilir", - açıqlamada deyilir. 

Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev brifinq zamanı bildirib ki, Azərbaycanda ictimai nəqliyyatda vahid nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra təqaüdçülər, tələbələr və digər sosial qruplar üçün güzəştli gediş haqqı mexanizmləri nəzərdə tutulacaq. 

Oktyabrın 1-dən nağdsız ödəniş sistemi ilə işləyən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri – məsələn, elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslar – tətbiq edilən marşrutlarda gediş haqqı 50 qəpikdən 60 qəpiyə artırılacaq. 

Gülnar Nazimqızı 

Seçilən
8
anews.az

1Mənbələr