AZ

ABŞ və İsrail Qəzza ilə bağlı razılaşmaya yaxınlaşıb

Trampın sülh planı üzrə danışıqlar yekun mərhələyə daxil olub, HƏMAS hələlik razılıq verməyib...

Poliqon xəbər verir ki, ABŞ və İsrail prezidenti Donald Trampın təklif etdiyi Qəzza planı üzrə razılaşmaya çox yaxınlaşıb. Bu barədə Axios portalının jurnalisti Barak Ravid mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlarından sonra tərəflər ümumi anlaşmaya yaxınlaşıblar. Lakin razılaşmanın qüvvəyə minməsi üçün HƏMAS-ın da razılığı tələb olunur.

Tramp sentyabrın 28-də Reuters-ə müsahibəsində ümid etdiyini bildirib ki, Qəzzada atəşkəs və girovların azad olunmasını nəzərdə tutan planın detalları onun Netanyahu ilə sentyabrın 29-da Ağ Evdə keçirəcəyi görüşdə razılaşdırıla bilər. O, İsrail və ərəb dövlətlərindən “çox müsbət cavab” aldığını vurğulayıb və “hamının razılaşma istədiyini” deyib.

ABŞ lideri Axios-a açıqlamasında qeyd edib ki, Qəzza ilə bağlı məsləhətləşmələr artıq “yekun mərhələdədir” və bu, Yaxın Şərqdə daha genişmiqyaslı razılaşma üçün zəmin yarada bilər. Tramp son günlər dəfələrlə yaxın vaxtlarda Qəzza münaqişəsinin həllinə dair razılaşmanın mümkünlüyünə inandığını bildirib.

Mənbələrin sözlərinə görə, plan yalnız atəşkəsi deyil, həm də HƏMAS tərəfindən saxlanılan girovların azad olunmasını nəzərdə tutur. ABŞ administrasiyası hesab edir ki, bu saziş bölgədə gərginliyi azaltmaqla yanaşı, İsrail və ərəb ölkələri arasında münasibətlərin sabitləşməsinə də təkan verə bilər.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr