AZ

Çaba Köröşi: İqlim dəyişikliyi ilə mübarizədə sərmayənin rolu danılmazdır

Bakı, 29 sentyabr, AZƏRTAC

COP29-un nəticələrinə diqqətlə baxsaq, əldə edilən mühüm nailiyyətləri görə bilərik. Bu konfrans dayanıqlı keçidə doğru atılmış çox mühüm addım oldu. Müxtəlif müqavimətlərə və geosiyasi çətinliklərə baxmayaraq, COP29 sübut etdi ki, əsaslı proqramların işlənib hazırlanması, dayanıqlı bazarların qurulması və yeni maliyyə imkanlarının cəlb edilməsi mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən “Azərbaycanın İqlim Liderliyi: COP29-dan Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-ə” mövzulu sessiyada BMT-nin Baş Assambleyasının 77-ci sessiyasına sədrlik edən Çaba Köröşi deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə sərmayənin rolu danılmazdır. Bu sahədə maliyyə resursları olmadan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi qeyri-mümkündür: “Hər bir ölkə öz sərmayəsini diqqətlə hesablayır və bəzən kompromisə getmək çox çətin olur. Lakin qlobal maraqları nəzərə alaraq, bu kompromisləri tapmalıyıq. Unutmayaq ki, yaxın illərdə 2 milyarda yaxın orta təbəqəyə mənsub insanın daha çox enerji ehtiyacı olacaq. Bu artan tələbat tələb edir ki, alternativ enerji mənbələrini planlaşdırmaq və idarə etmək məsələsinə ciddi yanaşaq. Yalnız düzgün strategiyalar və idarəetmə sayəsində bu ehtiyacları ekoloji cəhətdən təhlükəsiz şəkildə qarşılaya bilərik”.

Çaba Köröşinin sözlərinə görə, COP29 çərçivəsində görülən tədbirlər və qəbul edilən qərarlar göstərir ki, birgə səylər nəticəsində gələcəkdə üzləşəcəyimiz problemləri minimuma endirmək mümkündür. “Bu yolda hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq davam edərsə, daha sabit, yaşıl və dayanıqlı gələcəyə doğru irəliləyə biləcəyik”.

Seçilən
35
1
azertag.az

2Mənbələr