AZ

ABŞ və İsrail Qəzza planı üzrə razılaşmaya yaxın – HƏMAS hələ cavab verməyib – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza münaqişəsinin həlli planı üzrə Vaşinqton və İsrail razılaşmaya çox yaxınlaşıb. Lakin radikal Fələstin hərəkatı HƏMAS hələlik buna razılıq verməyib. 

Olaylar.az xəbər verir ki, bu barədə 28 sentyabrda "Axios" portalının jurnalisti Barak Ravid mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkof və Cared Kuşnerin İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlardan sonra tərəflər plana dair anlaşmaya yaxınlaşıb. ABŞ rəsmisi qeyd edib ki, prosesin tamamlanması üçün HƏMAS-ın da razılığı vacibdir.

Tramp isə həmin gün "Reuters"ə müsahibəsində ümid etdiyini bildirib ki, Qəzza ilə bağlı razılaşmanın detalları 29 sentyabrda Ağ Evdə Netanyahu ilə görüşündə yekunlaşdırılacaq. O vurğulayıb ki, "hamı sazişin bağlanmasını istəyir" və İsrail, həmçinin ərəb ölkələrindən "çox yaxşı cavab" aldığını deyib.

Amerikalı lider "Axios"a açıqlamasında Qəzza üzrə məsləhətləşmələrin artıq "son mərhələdə" olduğunu, bunun isə Yaxın Şərqdə daha genişmiqyaslı nizamlama üçün şərait yaradacağını bildirib.

Son günlər Tramp dəfələrlə HƏMAS-ın saxladığı girovların azad edilməsini nəzərdə tutan və Qəzzadakı münaqişənin həllinə yönələn razılaşmanın yaxın zamanda əldə olunacağına əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr