Yaxın vaxtlarda «Kəpəz»in rəhbərliyində dəyişiklik ola bilər.
Redaksiyamız bu barədə son dəqiqə məlumatı əldə edib.
Saytımıza daxil olan informasiyaya görə, İdarə Heyətinin tərkibində dəyişiklik gözlənilir. İyulda sədr postuna əyləşmiş Adil Vəliyevin öz istəyi ilə buranı tərk eləməsi gündəmdədir.
Biznesmenin digər işləriylə əlaqədar Gəncə təmsilçisi ilə vidalaşmaq niyyətində olması söylənilir. Komandanın mövsümə uğursuz başlamasının da onda pessimistlik yaratdığı deyilir.
«Sarı-göylər» Premyer Liqanın ilk 6 turunda məğlubiyyətlə üzləşib. Aktivində xal olmayan kollektiv hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
A.Vəliyev «Kəpəz»i 2025-cü ilin əvvəlində himayəsin götürüb. Təsisçilərin dəyişməsiylə bağlı hüquqi proses xeyli vaxt aparıb və yalnız apreldə rəsmiləşib.
Mayda İdarə Heyəti yenidən formalaşdırılıb, Namiq Qədirov sədr vəzifəsinə gətirilib. İsvevrədə yaşayan və fəaliyyət göstərən iş adamı iyunda klubla vidalaşıb.
SPORTİNFO.AZ