AZ

Paşinyanın 2026-cı il seçki manevrləri: Konstitusiya, kilsə və "De-fakto sülh" – ÖZƏL

"Ermənistan Baş naziri Nikol Paşinyan ölkədəki mürəkkəb vəziyyətdən çıxmaq üçün müxtəlif fikirlər irəli sürür, müxtəlif addımlar atır, müxtəlif variantlardan istifadə edir. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyanın gələcəyi birbaşa bu seçkilərin nəticələrindən asılıdır".

 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Ermənistan cəmiyyəti bu gün parçalanmış vəziyyətdədir: "Bir tərəfdə Paşinyanı və onun hakimiyyətini müdafiə edən elektorat var, digər tərəfdə isə daha radikal, revanşist qüvvələri dəstəkləyən elektorat mövcuddur. Ona görə də demək çətindir ki, Paşinyan 2026-cı ildə seçkilərdə kifayət qədər səs toplayaraq qalib gələ biləcək və qarşısına qoyduğu məqsədlərə nail olacaq. Bu səbəbdən də haqlı olaraq o, Rusiyayla münasibətlərin normal olduğunu göstərməyə çalışır. Son aylarda o bir neçə dəfə Rusiyaya səfər edib, münasibətlərin normallaşması fonunu yaratmağa çalışıb. Ardınca Nyu-Yorka gedərək BMT Baş Assambleyasında çıxış edib. Bundan sonra Strasburqa da gedəcək və Avropa Şurası Parlament Assambleyasında iştirak edəcək. Rusiya ilə münasibətlərin yaxşı olmasından da danışır, bunun Ermənistan üçün əhəmiyyətini vurğulayır. Hətta Rusiya ilə birlikdə atom elektrik stansiyasının tikintisindən danışılır. Amma yaxşı bilirik ki, eyni mövzu ilə bağlı Paşinyan Amerika şirkətlərinə də söz vermiş, onlarla danışıqlar aparmışdı. Digər tərəfdən Avropada çıxış edərək Ermənistanın yolunun Avropaya doğru olduğunu göstərir. Təbii ki, Ermənistanda həm Rusiya, həm Avropa, həm də Amerika ilə əlaqələrdən istifadə edərək seçkilərdə qalib gəlmək istəyi mövcuddur. Ancaq indi elə bir mərhələdir ki, proseslər çox çətindir. Rusiya artıq Ermənistana, xüsusən də Paşinyan hakimiyyətinə əvvəlki kimi etibar etmir. Buna görə də Paşinyan danışarkən Azərbaycandan "de-fakto sülh müqaviləsi"ndən bəhs edir. Amma əslində "de-fakto" sülh müqaviləsi ola bilməz".

Siyasi şərhçi qeyd edib ki, 8 avqustda Amerikada mühüm bir addım atıldı - sülh müqaviləsi paraflandı, ilkin imzalar atıldı. Amma bu, hələ sülh müqaviləsi deyil. Sülh müqaviləsi üçün Azərbaycanın şərtləri var və onlardan ikisi artıq yerinə yetirilib. Amma ən əsas şərt - Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiasının aradan götürülməsidir. Bu dəyişiklik edilməyib. Paşinyan isə bu məsələdə manevrlər edir, vaxt qazanmağa çalışır. Ermənistanda deyirlər ki, "heç kim bizə deyə bilməz ki, Konstitusiyanı dəyişin", bu, daxili iş məsələsi kimi təqdim olunur.

Ş. Ağayev əlavə edib ki, Paşinyan Zəngəzur dəhlizi barədə də BMT tribunasında fərqli çıxışlar edir, Azərbaycan Prezidentinin mövqeyinə şərhlər verir. Bu isə daxili auditoriya üçün bir oyundur: Paşinyan göstərmək istəyir ki, onun üçün Ermənistanın maraqları hər şeydən öndədir. Amma Paşinyan anlamalıdır ki, Azərbaycan üçün əsas şərt - Konstitusiyadakı ərazi iddialarının ləğv olunmasıdır. Bu olmadan sülh müqaviləsi bağlanmayacaq. Deməli, Ermənistanla bağlı bütün problemlər də həll edilməyəcək.

Maraqlıdır, Paşinyanın Konstitusiya dəyişikliyi necə yekunlaşacaq? 

Bunu indidən demək çətindir. Çünki Paşinyan və onun komandasının özü də dəfələrlə bildirib ki, 2026-cı ilə qədər Konstitusiyanın dəyişdirilməsi planı yoxdur. Bu addım Paşinyanın elektoratına ciddi zərbə vura bilər. Paşinyan yalnız seçkilərdə qalib gəldikdən sonra yeni Konstitusiya layihəsini cəmiyyətə təqdim edə biləcəyini deyir. Amma bunu Azərbaycanın şərti kimi yox, öz siyasi gündəminin bir hissəsi kimi təqdim edir. Onun iki əsas məqsədi var: birincisi, Konstitusiyada kilsənin rolunu məhdudlaşdırmaq, ikincisi isə beynəlxalq erməni diaspor təşkilatlarının təsirini azaltmaq. Bu isə ani həll olunacaq məsələ deyil. Paşinyan seçkilərdə qalib gəlsə belə, Konstitusiyanın dəyişdirilməsi üçün ən azı bir neçə il vaxt lazım olacaq - komissiya yaradılmalı, məsələ ictimai müzakirəyə çıxarılmalı, sonra isə referendum keçirilməlidir. Bu da ən tez 2027-ci ilə qədər uzana bilər. Deməli, əgər Paşinyan bunu nəzərdə tutursa, real sülh müqaviləsi də yalnız 2027-ci ildən sonra gözlənilə bilər. 

Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın kilsə ilə mübarizəsi də çox çətindir. Paşinyan istəyir ki, seçkilərə qədər bu mübarizədə üstünlük qazansın və seçkilərdə qalib gəlsin. Amma nəticənin necə olacağını demək çətindir. Çünki kilsənin arxasında böyük beynəlxalq qüvvələr dayanır, həmçinin Ermənistan cəmiyyətində də kilsəni dəstəkləyən ciddi qüvvələr mövcuddur. Ona görə də prosesləri proqnozlaşdırmaq çox çətindir. Hər halda Paşinyan istəyir ki, kilsə ilə mübarizədə qalib gəlsin. Bunu isə yalnız zaman göstərəcək.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr