AZ

Psixoloji yorğunluğa səbəb nələrdir? - PSİXOLOQ AÇIQLADI

Psixoloji yorğunluğun bir neçə yaranma səbəbi var. Bu səbəblərdən biri il ərzində məzuniyyətsiz işləmək, digəri isə iş vaxtından artıq işləməkdir. Məsələn, əgər iş rejimi səhər saat 9-dan axşam 6-ya qədərdirsə, bu zaman aralığı elmi müşahidələr və tədqiqatlar nəticəsində müəyyən edilib. Çünki bu zaman intervalı insanın iş qabiliyyətinə və psixoloji davamlılığına ən uyğun hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bəzən insanlar günorta yeməyindən sonra belə yorğun hiss edə bilirlər:

"Əgər bu hal 6 aydan çox davam edirsə, mütləq şəkildə mütəxəssisə – terapevtə, psixoloqa və ya psixiatra müraciət olunmalıdır. Çünki bəzən yorğunluq sadəcə psixoloji deyil, fizioloji səbəblərdən də qaynaqlana bilər. Məsələn, qanda dəmir çatışmazlığı, D vitamini çatışmazlığı kimi hallar insanın həm fiziki, həm də psixoloji yorğunluğuna səbəb ola bilər. Digər tərəfdən isə zehni yorğunluq bəzən fiziki yorğunluqdan daha ağır nəticələrə gətirib çıxarır. İnsan depressiyaya meyillənə bilər. Əgər bu endogen – yəni kimyəvi balans pozuntusundan yaranan depressiyadırsa, bu zaman dərman müalicəsi mütləqdir və insan bir növ bu vəziyyətdən asılı vəziyyətə düşə bilər. Bəzən insanlar yorğunluğun səbəbini anlamır, sadəcə “mən yorğunam” deyirlər. Bu xüsusilə melanxolik tipli insanlarda rast gəlinir. Onlar özlərini həddindən artıq tənqid edirlər: “Mən niyə belə yorğunam?”, “mən niyə belə çirkinəm?”, “elə bil hər kəs məndən uzaqlaşır”. Bu artıq psixoloji pozuntunun ilkin göstəricisidir.

Əgər ətrafınızda belə insanlar varsa, onlara dost, yaxın olaraq dəstək olun və mütləq şəkildə mütəxəssisə yönəldin. Əks halda bu hal xroniki yorğunluğa çevrilə bilər. İnsan istirahətə getsə belə, yenə də yorğunluq hissindən yaxa qurtara bilmirsə, bu artıq ciddi xəbərdarlıq siqnalıdır. Həmçinin, bəzi yorğunluqlar nevroloji sindromlardan qaynaqlanır. Məsələn, insan deyə bilər: “Artıq bezmişəm bu tıqları müalicə etməkdən”. Bu, posttravmatik halların nəticəsi ola bilər. Həmin travmanın hansı yaş dövründə baş verdiyi, onun emosional təsiri, qorxu və ya həyəcana səbəb olub-olmaması mütləq araşdırılmalıdır".

Müəllif: Arzu Qurbanlı
Seçilən
20
1
sia.az

2Mənbələr