AZ

Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq

“PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammiti çərçivəsində “White Hill Capital” vençur fondu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair Təsis Müqaviləsinin imzalanma mərasimi keçirilib.

FED.az xəbər verir ki, müqaviləni İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov və “White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov imzalayıblar.

Müqavilənin imzalanma mərasimində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Azərbaycan ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal mühitə inteqrasiyasını sürətləndirəcək.

“Biz İRİA olaraq startaplarımızın vençur maliyyələşmə mexanizmlərinə çıxışı üçün yeni imkanlar yaratmağa davam edirik. Bu gün bu istiqamətdə növbəti addımı atdıq. “White Hill Capital” vençur fondu regional yatırımları ilə öz effektivliyini sübut edib və biz istərdik ki, Azərbaycan ekosistemi də bu fondun resurslarından yaxın perspektivdə mümkün qədər faydalansın”, - deyə Fərid Osmanov vurğulayıb.

“White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov çıxış edərək Azərbaycan ekosisteminin yüksək potensialını və məhz buna görə də investorlar üçün artan cəlbediciliyini vurğulayıb. O qeyd edib ki, “White Hill Capital”ın Azərbaycan bazarına daxil olması fondun investisiya portfelinin perspektivli yatırımlarla genişlənməsinə, digər tərəfdən isə Azərbaycanda vençur maliyyələşməsi mühitinin diversifikasiyasına xidmət edəcək.

Tədbirin yekununda “White Hill Capital” vençur fondunun investisiyası nəticəsində böyüyən Azərbaycanın “Push30” və Tacikistanın “Zypl” startaplarının təqdimatları baş tutub. Startap nümayəndələri fondun maliyyə dəstəyi modeli və fond tərəfindən edilən yatırımların startapların miqyaslanmasına verdiyi əhəmiyyətli töhfə haqqında ətraflı məlumat paylaşıblar.

Qeyd edək ki, “White Hill Capital” 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir. Yeni müqavilə çərçivəsində Azərbaycanda vençur kapital mühitinin genişlənməsi və yerli startapların beynəlxalq bazarlara inteqrasiyası dəstəklənəcək. Tədbirdə, həmçinin “White Hill Capital” fondu tərəfindən dəstəklənmiş startapların təqdimatları da baş tutub.

Seçilən
14
7
fed.az

9Mənbələr