AZ

Veteranlara verilən 80 manatla bağlı VACİB XƏBƏR: Gözlənilən artım olacaq?

2025-ci ilin ilk səkkiz ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Xərclərdəki bu artım bir neçə amillə bağlıdır. Bunların arasında yeni sosial paketlərin icrası, müavinət və təqaüdlərin artırılması, həmçinin pensiya alanların sayının çoxalması xüsusilə diqqət çəkir. Sosial paket çərçivəsində həmçinin müxtəlif kateqoriyalardan olan vətəndaşların rifahının yaxşılaşdırılması nəzərdə tutulub və bu, DSMF-in xərclərinə birbaşa təsir göstərir.

Maraqlıdır, yeni sosial paket çərçivəsində veteranların və müharibə iştirakçılarının sosial dəstəyi, xüsusilə də onlara ayrılan maliyyə vəsaitlərinin, yəni veteran pullarının artırılması nəzərdə tutulubmu?

Məsələ ilə bağlı "Liberal İqtisadçılar Birliyi"nin sədri Akif Nəsirli News24.az-a açıqlamasında bildirib ki, 2025-ci ilin iyul ayında ölkədə sosial müavinət və təqaüdlərin bir qisminin məbləğləri artırılsa da, müharibə veteranlarına ayrılan aylıq təqaüd dəyişmədi:

“2025-ci ildə həyata keçirilən sosial müavinətlərin artırılması çərçivəsində müharibə veteranlarına verilən təqaüdlərin artırılacağı ilə bağlı fikirlər səsləndirilirdi. Lakin iyulun 1-dən etibarən aparılan artımlar arasında veteran təqaüdləri yer almayıb. Hazırda onların aylıq məbləği hələ də 6 il əvvəlki səviyyədə, yəni 80 manatdır”.

Ekspert vurğulayır ki, sosial paket çərçivəsində veteran pullarının artırılması mümkündür, lakin yekun qərarı gözləmək lazımdır:

"Hökumət veteranların sosial müdafiəsini gücləndirmək niyyətindədir, lakin konkret artımın hələ ki, hansı vaxtda həyata keçiriləcəyi açıqlanmayıb. Veteranların sosial təminatı və müavinətləri ilə bağlı dəqiq qərarların yaxın gələcəkdə qəbul edilməsi gözlənilir".

Məsələ ilə bağlı deputat Vüqar bayramov isə qeyd edib ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin olunub:

"Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq 1103,3 minə çatıb”.

Millət vəkili qeyd edib ki, 2025-ci ildə DSMF-nin xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı:

“Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu baxımdan, növbəti dövrddə sosial müdafiə tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.

Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiscal dayanıqlıq baxımdan vacib amillərdəndir”.

Aqil Qarayev


Seçilən
111
1
news24.az

10Mənbələr