AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tanınmış musiqişünas alim, akademik Zemfira Səfərovanın dahi Azərbaycan bəstəkarı və ictimai xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli həyatı və yaradıcılıq fəaliyyəti” adlı monoqrafiyası ingilis dilində çapdan çıxıb.
“Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul redaktoru isə Memarlıq və İncəsənət İnstitutunun direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur.
Dahi bəstəkarın həyat və yaradıcılığının, həmçinin elmi və pedaqoji fəaliyyətinin işıqlandırıldığı monoqrafiyaya akademik İsa Həbibbəyli “Üzeyir Hacıbəyli sənətinin elmi varisi” adlı Ön söz yazıb.
Kitabda Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti geniş şəkildə təhlil olunur, onun ədəbiyyat, incəsənət, təhsil və mətbuat sahəsində, xüsusilə Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolu və ölməz əsərləri ətraflı şəkildə işıqlandırılır. Müəllif, həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinə gətirdiyi yenilikləri, “Sənsiz” və “Sevgili canan” romanslarının əhəmiyyətini, “Azərbaycan xalq musiqisinin əsasları” əsəri ilə qoyduğu nəzəri bünövrəni xüsusi vurğulayır. Nəşrdə bəstəkarın publisist və elm təşkilatçısı kimi fəaliyyəti də diqqət mərkəzindədir.
Akademik Zemfira Səfərova kitabda Üzeyir Hacıbəylinin irsini yalnız sənət müstəvisində deyil, həm də milli kimlik, vətənpərvərlik və elmi irs prizmasından təqdim edir. Onun dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı apardığı çoxillik tədqiqatların nəticəsi olan bu əsər, Üzeyirşünaslığın fundamental mənbələrindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, akademik Zemfira Səfərova yarım əsrdən artıq bir müddətdə Üzeyir Hacıbəylinin ölməz irsini hərtərəfli araşdırıb, çoxsaylı monoqrafiya və məqalələrlə yanaşı, müxtəlif ölkələrdə onun haqqında elmi əsərlər nəşr etdirib. Onun elmi fəaliyyəti nəticəsində Üzeyir Hacıbəyli yaradıcılığı yalnız Azərbaycanda deyil, dünya musiqişünaslıq elminin də diqqət mərkəzinə çıxarılıb.
Böyük bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin həyatı və ölməz sənətinə həsr olunmuş, oxuculara ingilis dilində təqdim edilən bu monoqrafiya akademik Zemfira Səfərovanın dahi bəstəkarın 140 illik yubileyi münasibətilə ərsəyə gətirdiyi dəyərli elmi töhfədir. Bu kitab, həmçinin dünya şöhrətli dahinin sənətinin ingilis dilində yenidən təqdim olunması baxımından da böyük əhəmiyyət kəsb edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta