AZ

“Qəlblərimiz Zəfərlə Döyünür” adlı tədbir keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Qəlblərimiz Zəfərlə Döyünür” adlı tibbi aksiya başa çatıb. Aksiya müddətində muxtar respublikanın 7 Ailə Sağlamlıq Mərkəzində əhalinin kardioloji müayinələri aparılıb.

“İki sahil” xəbər verir ki,  sentyabrın 29-da isə Ümumdünya Ürək Gününə həsr edilən və aksiya ilə bağlı yekunları əhatə edən tədbir keçirilib. Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov açılış nitqi ilə çıxış edərək son dövrlərdə səhiyyə sahəsində həyata keçirilən yeniliklərdən, eləcə də şəhid və qazi ailələrinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib.
Daha sonra şəhid həkimlərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Ardınca isə Treninq və Simulyasiya Mərkəzində şəhidlərimizin adını daşıyan təlim otaqlarını əks etdirən videomateriala baxış olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, həkim-kardioloq Süleyman Cəfərov, ürək-damar cərrahı, uzman Dr. İlyas Məmmədyarov və həkim-rezident Dilbər Nağıyeva çıxış ediblər.

Tədbirdə aksiya çərçivəsində həyata keçirilən müayinələr barədə məlumat verilib. Bildirilib ki, aksiya müddətində ümumilikdə 300-ə yaxın vətəndaş kardioloji müayinədən keçib, 50 nəfərə yaxın şəxsdə isə exokardioqrafik müayinə aparılıb.

Sonda isə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının nümayəndəsi Hüseyn Hacıyev tərəfindən aksiya iştirakçısı olan həkim-kardioloqlara və tibbi heyətə təşəkkürnamələr təqdim olunub.

Seçilən
14
1
ikisahil.az

2Mənbələr