AZ

Rusiyalı nazir müavini Xankəndiyə səfər edəcək

GƏNCƏ, 29 sentyabr. TELEQRAF

"Gəncədə keçirilən III MDB Oyunlarının rəsmi açılış mərasimində iştirak etməkdən həzz aldıq. Biz texnoloji inkişaf, gənclik və mədəni irsin elementlərini gördük. Tam əminliklə deyə bilərəm ki, mərasim uğurla keçdi".

Teleqraf xəbər verir ki, bunu Rusiyanın idman nazirinin müavini Aleksey Morozov Gəncədə keçirilən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında Rusiyanı 262 idmançı təmsil etdiyini vurğulayıb: "Biz burada ən çox idmançı və nümayəndəsi olan ölkələrdənik. Bu gün Gəncədə Heydər Əliyev Parkında olduq, həmçinin sambo yarışlarının keçirildiyi Göygöl Olimpiya İdman Kompleksini də ziyarət etdik. Ümumilikdə məqsədimiz Oyunların təşkil olunduğu bütün yeddi şəhəri ziyarət etməkdir. Bundan əvvəl biz adətən yalnız Bakıda olurduq. Bakı Azərbaycanın idman paytaxtıdır".

Rusiyalı nazir müavini idmançılarının III MDB Oyunlarından böyük tərcübə qazanacaqlarını söyləyib: "Bu Oyunlar bizim idmançılar üçün öz bayraqları və himni altında yarışmaq üçün əla fürsətdir. İdmançılarımız güclü və istəkli rəqibləri görməyə şaddılar. Bu, onlar üçün böyük təcrübə olacaq".

O, Xankəndidə keçiriləcək kamandan oxatma yarışını da izləyəcəyini bildirib: "Bütün yerli idman obyektlərini mütləq görəcəyik. Bu şəhərlərdə yerləşən bütün iştirakçı komandaları ziyarət etmək istəyirik. MDB Oyunlarının keçirildiyi bütün coğrafi ərazini araşdırmaq bizim üçün çox vacibdir".

Morozov "Azərbaycanda təşkil olunan III MDB Oyunlarının bu Oyunların tarixinə hansı izləri buraxacaq?" sualına belə cavab verib: "Ən mühümü idmançılar Azərbaycanı coğrafi və mədəni tərəfdən kəşf edəcəklər. İndi onlar təkcə Bakı ilə deyil, digər şəhərlərlə də tanış olacaqlar. Onlar yeni dostluqlar və əlaqələr quracaqlar. Bu çox vacibdir. Bu, mədəni mübadilədir. İnanın ki, bu yaşda onlar böyüklər arasında keçirilən yarışlarda, dünya çempionatlarında və Olimpiya Oyunlarında təkrar-təkrar görəcəkləri güclü dostlar və yoldaşlar qazanırlar. Azərbaycanın güclü idman irsi, gözəl idman qurğuları var. Oyunlardan sonra da bu infrastruktur qalacaq. Və təbii ki, burada yarışları idarə edən mütəxəssislərin və hakimlərin də təcrübəsi artacaq".

O, IV MDB Oyunlarının Rusiyada keçirilə biləcəyini istisna etməyib: "Bu gün bu məsələ müzakirə olundu. Dünən rəsmi və qeyri-rəsmi olaraq bütün bunları müzakirə etdik. Bəzi variantlar artıq hazırdır. Bu gün əsasən qeyri-rəsmi görüşdür. Rusiya Federasiyası hər zaman kömək əlini uzatmağa hazırdır. Oyunları özümüz keçirməkdən məmnun olarıq. Danışıqları davam etdirəcəyik və qeyri-rəsmi qərarlar qəbul edəcəyik. Növbəti görüşdə isə IV MDB Oyunlarının keçiriləcəyi yeri rəsmən təsdiq edəcəyik".

Seçilən
15
6
teleqraf.com

7Mənbələr