AZ

Cabir İmanovun ölümünə bu səbəb ola bilər – SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov vəfat edib. Onun bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdiyi bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, Əməkdar artistin ölümü ilə bağlı TƏBİB-dən rəsmi açıqlama verilib.

Qeyd edilir ki, bu gün saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən Əməkdar artist Cabir İmanovun (1976-ci il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Ümumiyyətlə, son illərdə 40 yaşdan sonra ürək tutması və digər qəfil ölüm hallarında artım müşahidə olunur. Həkimlər bu tendensiyanın ciddi şəkildə artdığını və ölüm hallarının getdikcə gəncləşdiyini vurğulayırlar. Xüsusilə də idman zallarında baş verən qəfil infarkt və insult halları narahatedici səviyyəyə çatıb. Artıq yalnız xəstələr deyil, sağlam və aktiv həyat tərzi sürən insanlar, o cümlədən peşəkar idmançılar belə bu cür faciələrlə üz-üzə qalırlar.

Bəs 40 yaşdan sonra ağır idmanla məşğul olmaq olarmı? Nələrə diqqət edilməlidir?

Tanınmış həkimlər Musavat.com-a fikirlərini bölüşüblər.

İDRİS.jpg

Kardioloq, professor İdris Xəlilov mövzu ilə bağlı Musavat.com-a deyib ki, bütün doğulan uşaqlar ana bətnində olarkən anadangəlmə ürək qüsurlarının inkarı üçün exokardioqrafiya (EKQ) müyayinəsindən keçir:

“Sonrakı yaş dövründə EKQ və sairə müayinələr olunmalıdır. 35 yaşdan yuxarı bütün insanların kardioloji “chek-up” olması gərəkdir. Əsasən də idmanla məşğul olmaq istəyənlər. Əgər idman zamanı hər hansı bir diskomfort olarsa, dərhal hərəkəti saxlamaq və 103-ə müraciət etmək lazımdır. Qəfil ölümün çox səbəbləri ola bilir. 1-ci yerdə isə ürəyin işemik xəstəliyidir”.

ZULFU.jpg

Bakı Ağrı Klinikasasının baş həkimi Zülfüqar Yusifov məsələ ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Allah rəhmət etsin. Nur içində yatsın. Hadisənin idman zalında baş verməsi insanı bunu idmanla əlaqələndirməyə sövq edir. Amma ölüm müxtəlif səbəblərdən baş verə bilər. Bu səbəblər arasında qəfil ölümlərin ən çox rast gəlinən formalarından biri tromemboliyadır. Tromemboliya aşağı ətraflardan trombun sıçrayaraq ağciyər arteriyalarına düşməsi və bunun nəticəsində də qısa müddətdə ölümün baş verməsinə səbəb ola bilər. Eyni zamanda, çox yüklü və əmək tələb edən idmanlardan normal insanların kənarda olması lazımdır. Ümumiyyətlə, çox yüklü idmanların aparılması daha çox idmançılar üçün uyğundur. Bunlar müəyyən yarışlara hazılaşırlar deyə həddən artıq məşq etmiş olurlar ki, yarışlarda qalib olsunlar. Hətta məşqçilər də bilirlər ki, ağır idmanlar, təkrarlanan çox sayda hərəkətlər sağlamlıq üçün heç də faydalı deyil. Sadəcə idmançılarda üstünlük ondan ibarətdir ki, onlar tədricən özlərini hazırlayırlar.

Məşqçilər müəyyən dozalarla bu yükü artıraraq müəyyən mərhələyə gətirib çıxara bilirlər. Adi insanlar isə birdən-birə hərəkət edərkən bütün orqan və sistemlərə əlavə enerji ehtiyacı yaradırlar ki, bəzən orqanizm onu kompensasiya etmək iqtidarında olmur. Nəinki bütün orqanizm, ayrı-ayrı oynaqlar belə. Məsələn, uzun müddət qaçış və yeriş dizlərdə narahatlığa səbəb olur, qollarla aparılan məşqlər çiyinlərdə, dirsəkdə bağların qopmasına, iltihabi proseslərin yaranmasına səbəb ola bilir. Ciddi idman zamanı xüsusilə ürəyin kompensasiya etməsi lazımdır, bunun üçün ürək həddən artıq işləməlidir. Ürəyin həddən artıq işləməsi üçün sürətlə döyünməlidir. Bu döyünmələr zamanı qan dövranına həm qan, həm də qidalı maddələr və oksigen ötürür. Amma biz nəzərə alsaq ki, ürəyin qidalanması onun vurduğu dövrdə yox, sakit olduğu dövrdədir. Ürək işlədikdə özünün qidalanma imkanı məhdudlaşır. Çünki sakitlik dövrü azalır. Bu da nəticədə işemik faktorun qabarmasına və infarkt riskinin artmasına gətirib çıxara bilir. Yaş artdıqca biz insanlara ağır idmanları tövsiyə etmirik. Orqanizmin imkanları müəyyən yaşdan sonra məhdudlaşır, nə qədər özümüzü gümrah hiss etsək belə”.

Seçilən
0
4
editor.az

5Mənbələr