AZ

“Utanmırlar! Özlərinə arsızcasına vəkillər də tutublar” – Elza Seyidcahan qalmaqallı dələduzluq işindən danışdı

Bu gün vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" olaraq tanınan Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, iş üzrə 31 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.

Təqsirləndirilən şəxslər vətəndaşlara ümumilikdə bir milyon manata yaxın ziyan vurub.

Məhkəmə onlara bildirib ki, cinayət işində təqsirli bilinərlərsə, onları 10 ildən 14 ilədək məhkumluq həyatı gözləyir.

Məhkəmə prosesində zərərçəkmiş qismində Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan (Qasımova) da ifadə verib.

Keçirilən məhkəmə prosesi ilə bağlı Elza Seyidcahan Musavat.com-a danışıb:

“Bildiyinz kimi, bizim obyektlə bağlı məhkəməyə pul ödəməli idik. Həmin məsələdə də haqsızlıq olmuşdu. Elə buna görə anam evini satdı, amma pul çatmadı. Mən də məcbur qaldım, anama, qızıma aldığım və eyni zamanda rəfiqəmin verdiyi qızılları lombarda qoyub, 8 min 500 manat pul götürdük. Qızılları götürərkən brilyantlar nəzərə alınmadı, çünki lombardda yalnız qızıl çəkisinə görə pul verirlər. Onlar bizə lombard qiymətindən dəfələrlə aşağı – cəmi 8 min 500 manat verdilər. Halbuki əşyalarımın ümumi dəyəri indiki qiymətlərlə hesablasaq, 100 min manata yaxın olar. Əşyalarımın içində çox gözəl maral formasında boyunbağım var idi. Onun dəyəri xeyli yüksəkdir.

Mən indiyədək dəfələrlə lombarddan qızıl götürüb layihələr etmişəm, kliplər çəkdirmişəm. Hətta bəzi lombardlarda qızıllarımı hələ də indi-indi çıxarıram. Banklardan da pul götürüb layihələr həyata keçirmişəm. Amma bu cür dələduzluqla üzləşməmişdim.

Beləliklə, biz pulu ödədik ki, qızılları geri götürək, amma onlar bizə qızılları qaytarmaq istəmədilər. Bu gün məhkəmə idi. Məhkəmədə gördüm ki, onlar nə qədər insanı aldadıblar. Məhkəmə prosesi noyabrın 3-nə qaldı”.

Elza Seyidcahan bildirib ki, təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər:

“Bu cür dələduz insanlar zəhmət çəkmədən, başqalarını aldadaraq lüks həyat yaşamağa çalışırlar. Hələ utanmadan deyirlər ki, özlərini təqsirli bilmirlər. Arsızcasına özlərinə vəkillər də tutublar. Doğrudur, müdafiə üçün vəkil olmalıdır, amma istəməzdim ki, vəkillərimiz bu cür dələduzları müdafiə etsinlər.

Hakim də bərk əsəbləşmişdi, soruşdu ki, “hansı Elza xanımın qızılları?” Onlar isə arsızcasına sakit durub susurdular. Yaxınları, qohumları da yoxdur ki, gəlib desinlər: “Dəymiş zərəri ödəyək, onlar məhbus həyatı yaşamasın, siz də əmanətlərinizi geri alasınız.” Əksinə, oturub aldadıqları insanlarla mübahisə edirlər ki, guya qızıllar o qədər də çox deyilmiş, dəyəri az imiş və sairə. Lap olsun qızılın dəyəri 50 dollar, 500 dollar, 5000 dollar - camaat sizdən pul istəmir, camaat sizdən yalnız öz qızılını, öz əmanətini tələb edir.

Ümid edirəm ki, insafa gəlib zərəri ödəyəcəklər, ya da qızıllarımızı qaytaracaqlar. Əks halda, lazımi cəzalarını alıb məhbus həyatı yaşayacaqlar. Şəxsən mən istəməzdim ki, gənc yaşlarında həbsə düşsünlər və məhbus həyatı yaşasınlar.

İfadə verəndə hakim soruşdu ki, “qulağındakı sırğa niyə təkdir?” Elə bilmişdi ki, o sırğanın bir tayı da onlarda qalıb. Dedim: “Xeyr, bu mənim tərzimdir”.

Xalidə Gəray
Musavat.com

Seçilən
25
1
musavat.com

2Mənbələr