AZ

Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri AZƏRTAC-da olublar

II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının aparıcı media təmsilçilərindən ibarət nümayəndə heyəti sentyabrın 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub. Bu görüş qarşılıqlı informasiya əməkdaşlığının möhkəmləndirilməsi və qardaş ölkələrimizin media qurumları arasında peşəkar əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addımdır.

Görüşdə qonaqlar AZƏRTAC-ın tarixi, strukturu, beynəlxalq əlaqələri, əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Agentliyin İdarə Heyətinin üzvü Elşən Şahbalayev çıxış edərək dövlətlərarası media əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

“Bugünkü media dünyası təkcə operativlik deyil, həm də məzmunluluq tələb edir. Biz yalnız xəbərləri yaymaqla kifayətlənmir, həm də ictimai rəyi formalaşdıra, Azərbaycanın milli dəyərlərini və mədəniyyətini beynəlxalq arenada təbliğ edə biləcək məzmun yaratmağa çalışırıq”, - deyə o qeyd edib.

E.Şahbalayev diqqətə çatdırıb ki, AZƏRTAC gündə 8 dildə siyasət və iqtisadiyyatdan tutmuş mədəniyyət və idmana qədər geniş mövzu spektrini əhatə edən 500-dən çox xəbər buraxır. Agentliyin strukturunda 250-dən çox əməkdaş çalışır, dünyanın 24 ölkəsində 25 müxbir məntəqəsi isə beynəlxalq aləmdə baş verən hadisələrin hərtərəfli işıqlandırılmasını təmin edir. AZƏRTAC, həmçinin xarici tərəfdaşlarla da fəal əməkdaşlıq edir, indiyədək 54 ölkənin agentlik və media strukturu ilə tərəfdaşlıq sazişi imzalanıb.

Özbəkistanlı qonaqlar Agentliyin fəaliyyət mexanizmləri, məlumatların seçilməsi və təqdim edilməsi prinsipləri, daxili redaksiya prosesləri ilə maraqlanıblar.

Agentliyin Rus dilində İnformasiya Baş redaksiyasının Baş redaktoru Nigar Hüseynova bildirib ki, AZƏRTAC ölkədə rəsmi məlumatların əsas mənbəyidir, milli və beynəlxalq media mütəmadi olaraq Agentliyimizə istinad edir. “Biz dəqiqlik, operativlik və qərəzsizlik prinsiplərinə ciddi riayət edirik. Çoxillik təcrübəmiz və peşəkar komandamız sayəsində Agentliyimiz təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da etimad qazanıb”, - deyə N.Hüseynova vurğulayıb.

İkitərəfli əməkdaşlıqdan məmnunluqlarını bildirən Özbəkistan nümayəndə heyətinin üzvləri birgə layihələrin, o cümlədən multimedia layihələrinin inkişafının, təcrübə mübadiləsinin, jurnalistlərin hazırlığı, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.

Sonda qonaqlar redaksiyalarda işin gedişi ilə tanış olub, xəbərlərin və multimedia kontentinin buraxılışı redaksiyalarına baş çəkib, AZƏRTAC-ın jurnalistləri və redaktorları ilə söhbət ediblər. Onlar Agentlikdə işin təşkilinin səviyyəsini yüksək qiymətləndiriblər.

Görüş peşəkar müzakirə şəraitində keçib.

Seçilən
0
4
xalqqazeti.az

5Mənbələr