AZ

Heç bilirsiz, “Neftçi” onu niyə gətirib? - Səbəbi var!

“Neftçi” cari mövsümdə növbəti transferini açıqladı.

Nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyu gələn ilin yayına kimi ağ-qara formanı geyinəcək.

28 yaşlı futbolçunun keyfiyyətləri baş məşqçini qane etsə, onunla sözləşmənin müddəti daha 1 il artırılacaq.

Klub transfer xəbərini açıqlayar-açıqlamaz azarkeşlər baş məşqçini və rəhbərliyi “topa tutub.” Ki, “sonuncu dəfə fevral ayında rəsmi matçda meydana çıxmış futbolçunu gətiriblər, bu dəqiqə daha çox hücumçuya ehtiyac var” və sair.

Suallardan biri budur. Yarımmüdafiənin mərkəzində Emin Mahmudov, Sessi D’Almeyda, Cordan Rezabala, Elvin Camalov, Emil Səfərov, Edvin Kuç varkən, Metyuya nə gərək?

Yeni transfer oynadığı komandalarda dağıdıcılıq və yaradıcılıq baxımından xoş təsir bağışlayıb. Yəni hər ikisini icra edə bilir. Onu orta sahədə rəqabəti gücləndirmək üçün gətiriblər.

33 yaşlı Emin Mahmudovun 90 dəqiqə eyni tempdə oynamadığını görürük. Qarşıda millinin oyunları var deyə, zədə və yorğunluq ehtimalı qaçılmazdır.

Sessi də hələ ki, ümidləri doğrultmur. Düzdür, bir-iki görüşdə pis təsir bağışlamayıb. Lakin ümumi götürsək, dağıdıcılıq yükünü lazımınca daşıya bilmir. Top itkiləri kifayət qədərdir. İkili mübarizələr zamanı istənilən effekti vermir.

Bunun başlıca səbəbi rəqabətsizlikdir ki, əsas heyətdə meydana çıxacağını yaxşı bilir. İfeanyinin gətirilməsi orta sahənin mərkəzində rəqabəti gücləndirmək, qarşıdakı turlarda zədə və cəza riskini göz önünə almaqdır.

Emil, Elvin və Kuç?

Emilin yeri ən yaxşı halda yetişdiyi “Qəbələ”dir. Elvin isə əvvəlki formasında çox uzaq düşüb. Kuça gəlincə, Samir Abasov onsuz da onu sərəncamında görmək istəmirdi. Sadəcə klubla müqaviləsi olduğuna görə yayda yolları ayırmaq mümkün olmamışdı.

"Neftçi" cari mövsümdə İfeanyi Metyuya qədər 12 oyunçu ilə anlaşmışdı.

Bunlar Sessi D’Almeyda (“Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (Sumqayıt"), Murad Xaçayev ("Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (“AEK Larnaka”), Freddi Varqas (“Makkabi Netanya”dan icarəyə götürülüb), Cordan Rezabala ("Dorados"), Kristian Kostin (“Dinamo” Buxarest, Rumıniya), Kenan Piriç ("Antalyaspor", Türkiyə), Alessio Kurçi (“Francs Borains”, Belçika) və Falaye Sakodur ("Monpelye", Fransa).

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
16
sportinfo.az

1Mənbələr