AZ

İki min ildə dünyanın Suriyada bacarmadığı nə idi ki, Ərdoğan bunu etdi...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüş zamanı Ərdoğanın tələbi ilə Suriyaya qarşı sanksiyaları ləğv etdiyini bildirən Tramp Suriyadakı qələbəni Türkiyənin qələbəsi adlandırıb:

“2000 ildir ki, bunu etməyə çalışırlar. O (Ərdoğan) bunu etdi. Yəni sizin nümayəndələriniz bunu etdi. Məncə, bunun təriflərini siz almalısınız. Suriyanın nəfəs alması üçün sanksiyaları götürdüm, çünki onlar çox sərt idi. Ərdoğan qələbədən məsul idi. Bu, Türkiyənin qələbəsi idi. Ərdoğan buna görə çox məsuliyyət daşıyır, buna görə Suriya ilə bağlı deyiləcək çox sözlər var. Ərdoğanın xahişi, Səudiyyə Ərəbistanı kralının istəyi ilə sanksiyaları ləğv etdim. Onlara nəfəs almaları üçün, bir şans vermək üçün bu sanksiyaları ləğv etdim”.

Tramp həmişə bunu deyir ki, Suriyada 2 min il idi bunu etməyə çalışırdılar, amma alınmırdı, bunu Ərdoğan etdi. Tramp nəyi nəzərdə tutur? Suriyada 2 min ildir nə etmək istəyirlər? Suriyada 2 min ildir nə plan olub ki, bunu Ərdoğan həyata keçirib? Tramp burda nə demək istəyir?

Məhərrəm Zülfüqarlı: “Əslində Tramp bu kimi fikirlər səsləndirməklə...”

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Trampın Ərdoğanla bağlı müsbət fikirləri ilə razılaşmaq olar. Professor Zülfüqarlının fikrincə,

Ərdoğanın bölgə ilə bağlı fəaliyyəti müsbət qiymətləndirilməlidir. Trampın fikirlərinə gəlincə, M. Zülfüqarlı qeyd etdi ki, Tramp özünəqədərki rəhbərlərdən fərqli olaraq, qətiyyətli addımları ilə regionda sülhün bərpa olunmasında müstəsna rol oynayıb, amma o bir sıra çıxışlarında uyğun olmayan fikirlər də səsləndirir, tarixi olduğu kimi ifadə etmir: “Trampın Ərdoğanın fəaliyyəti barədə dediyi müsbət fikirlərlər çox yaxşıdır. Amma Trampın BMT-dəki çıxışında bir sıra subyektiv məsələlər də oldu. Məsələn, o, bir neçə münaqişənin adını çəkib deyir ki, dünya üzrə olan münaqişələrə son vermişəm, bunlar hamısı mənim sayəmdə olub. Onun bu sözləri ilə razılaşmaq olmaz. Çünki hələ Rusiya-Ukrayna müharibəsi və qeyd etdiyi bir çox münaqişələr davam edir. Azərbaycan və Ermənistan arasında ümumi deklarativ sənəd Vaşinqtonda imzalansa da, sülh sazişi hələ bağlanılmayıb, problem hələ tam həll olunmayıb. Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra vəziyyət necə olacaq? Bu da qeyri-müəyyəndir. Yəni onun qətiyyətlə deməsi ki, bu müharibələrə son qoyib, bununla razılaşmaq bir qədər çətindir. Ona görə də mənə belə gəlir ki, ABŞ prezidenti Tramp siyasətçidən daha çox biznesmen kimi danışır. Yəni siyasətdə müəyyən gedişlər var ki, onlara məhəl qoymurlar. Bilirsiz ki, diplomatlar danışanda çox zaman elə ciddi məsələləri qəti, konkret deyə bilmir, bu isə hər şeyi konkret deyir ki, filan məsələləri həll etdim. Ona görə də, Trampın fikirlərinə münasibət bildirmək bir qədər çətindir. Amma bütün hallarda Türkiyə və Azərbaycana isti münasibət göstərirsə, bizim uğurlarımıza müsbət yanaşırsa bu barədə ona haqq qazandırmaq olar. Gələcəkdə də çalışmaq lazımdır ki, ABŞ-Azərbaycan, ABŞ-Türkiyə münsibətləri yüksələn xətt üzrə getsin”.

Trampın Ərdoğanla Ağ Evdə görüşdə səsləndirdiyi, ondan əvvəl də bir neçə dəfə vurğuladığı “2000 ildir ki, bunu etməyə çalışırlar. O (Ərdoğan) bunu etdi” fikrinə gəlincə, M.Zülfüqarlı bildirdi ki, bir tarixçi kimi ABŞ prezidentinin işlətdiyi bu ifadəyə də şərh verməkdə çətinlik çəkir: “Trampın bununla nə demək istədiyini konkret olaraq izah etməkdə çətinlik çəkirəm. Bir tarixçi kimi Suriyada gedən prosesləri analiz edirəm və orda son 2000 min ildə elə də uzunmüddətli qarşıdurmalar olmayıb. Suriya özü vaxtilə Osmanlı imperiyasının ərazisi olub. Yəni Səlahəddin Əyyubidən sonra o ərazilər Osmanlıya aid idi. O zaman Suriyada İngiltərənin əli ilə Osmanlıya qarşı ərəb üsyanları və sair baş verib. Yəni Osmanlının dövründə orda elə də güclü münaqişə olmayıb. Orda 2 min illik münaqişə, qarşıdurmalar olmayıb. Strateji cəhətdən əhəmiyyətli ərazilərdə, o cümlədən də Yaxın Şərqdə münaqişələr həmişə olub, Qafqazda olduğu kimi. Amma Türkiyənin məsələsinə gələndə, Suriya Osmanlı dövründə bu dövlətdən asılı olub. Tramp siyasətçi deyil, hərdən elə söz deyir ki, adam fikirləşə-fikirləşə qalır. Hamı oxumağa başlayır ki, görəsən Tramp nədən danışır. Əslində Tramp bu kimi fikirlər səsləndirməklə Ərdoğanın da rəğbətini qazanmaq, onun tərifini eşitmək və tezliklə “Nobel” mükafatı almaq istəyir. Yoxsa burda başqa nəsə görmürəm”.

Faiq Ələkbərli: “İndiki anlamda Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Suriya torpaqlarında böyük ölçüdə yeni bir uğura imza atıb”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli hesab edir ki, Trampın Ərdoğana yönəlik səsləndirdiyi fikirlər, Suriya məsələsini Türkiyə üçün qələbə adlandırması təsadüfi deyil: “Trampın qeyd etdiyi 2 min illik tarixə baxanda deyə bilərik ki, 2 min il ərzində o torpaqlarda ciddi hadisələr baş verib, müharibələr olub. Düzdür, Suriya tarixinin mühüm bir hissəsi Osmanlı ilə bağlıdır. Osmanlı dönəmində də Suriyanın, Dəməşq və Hələbin idarəçiliyi türklərlə bağlı olub. Sadəcə olaraq, İslama qədərki və ondan sonrakı dönəmlərdə də o torpaqlar, Suriya çox önəmli ərazilər olub. Bizanslılarla Sasanilər arasında müharibə olub, bizanslılarla osmanlılar arasında mübarizələr gedib. Tramp demək istəyir ki, Osmanlı dönəmində də müəyyən problemlər olsa da, indiki anlamda Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Suriya torpaqlarında böyük ölçüdə yeni bir uğura imza atıb. Ancaq bunu belə dəyərləndirmək olar. Çünki dediyimiz kimi, Suriya torpaqları həmişə müharibələrin içində olub. Vaxtilə Səlahəddin Əyyubinin Əyubilər dövlətinin də, Məmlüklərin də, Osmanlının da Suriyada rolu olub. Ərdoğanın da Suriya ilə bağlı verdiyi töhfələr yeni bir mərhələ kimi qiymətləndirilə bilər. Suriya məsələsinin yeni dönəmdə həllində Ərdoğanın və Türkiyənin böyük rolunu qiymətləndirərək Tramp bu fikri deyib”.

F.Ələkbərli qeyd etdi ki, xüsusilə də Osmanlı dövləti 1918-ci ildə “Mudros” müqaviləsi əsasında məğlub çıxdıqdan sonra böyük problemlər yaşayıb. “Suriya dövləti yaransa da, orda ciddi müharibələr baş verdi. İndi isə Ərdoğan və onun rəhbərlik etdiyi Türkiyə hər halda son illər bu məsələdə uğurlar əldə edib. Məncə, ABŞ prezidentinin yönəltiyi əsas fikirlər də bununla bağlıdır”-deyə F.Ələkbərli əlavə etdi.

İradə SARIYEVA

Seçilən
22
baki-xeber.com

1Mənbələr