
“Mənə deyəndə ki, cənab prezident siz uşaqlarla görüşəcək, o qədər sevindim ki.. Böyük sevinc hissləri yaşadım. Çünki prezidentimizi görmək, onunla görüşmək mənim çoxdankı arzum idi. Səbirsizliklə gözləyirdim, bilirdim ki, bu arzum reallaşacaq. Prezident məndən yaşımı, neçənci sinifdə və harada oxuduğumu soruşdu. Onun bütün suallarına cavab verdim. Sonra başımı sığallayıb, başımdan və alnımdan öpdü. Cənab prezident çox hündür və ucaboy idi. İlham babanı çox sevdim”
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində xəsarət almış Bəxtiyar Heydərli deyib.
Daha sonra Bəxtiyarın anası Lalə Heydərova söhbətə davam edib:
“Bilirsiniz ki, Gəncə III MDB Oyunlarına ev sahibliyi edir. Ölkə başçısı, cənab prezident İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva Gəncəyə səfər etdikləri zaman terrorda ata-anasını itirən, əziyyət çəkən uşaqlarla görüşməyi də unutmadılar. Bu bizim üçün həm qürurverici, həm də şərəf hissi idi. Oğlum Bəxtiyar bu günü səbirsizliklə gözləyirdi. Həmişə deyirdi ki, “İlham babanı nə vaxt görəcəyəm?”. Bəxtiyar görüşə dayısı ilə birlikdə getmişdi. Mən televiziyada canlı yayımda izlədim. Ağladım, kədərləndim, bu da sevinc göz yaşları idi. Orada üşüyən uşaqlara Mehriban xanımın diqqət göstərməsi, onları soyuqdan qoruması əsl analıq qayğısı idi. Bəxtiyarın yanvar ayında 10 yaşı olacaq” deyə Bəxtiyarın anası bildirib.
Qeyd edək ki, Bəxtiyar Heydərli Gəncə terrorunun azyaşlı şahidlərindən biridir. O erməni vəhşiliyinə təbəssümü ilə cavab verərək, Azərbaycan xalqının qorxmaz iradəsinin simvoluna çevrilib. Onu dağıntılar altından dayısı çıxarıb. Terrordan sonra onun qorxudan ayaqları tutulub, yalnız iki gün sonra yeriməyə başlayıb.