AZ

TikTok sövdələşməsi və ABŞ-Çin texno-rəqabətində yeni trayektoriya

Donald Trampın qərarları sərt strategiyanı şəxsi anlaşmalarla əvəzləyir…

Foreign Policy nəşrinin təhlili

Sövdələşmənin əvvəlki tarixi və əsas qüsur

25 sentyabrda ABŞ prezidenti Donald Tramp elə bir fərman imzaladı ki, bu sənədin, onun sözlərinə görə, TikTok-un milli təhlükəsizlik tələblərinə uyğun şəkildə ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək. Sentyabrın 19-da Çin Xalq Respublikasının sədri Si Tsinpinlə telefon danışığından sonra Tramp bəyan etdi ki, razılıq əldə olunub: Oracle-un rəhbərlik etdiyi Amerika konsorsiumu TikTok-un ABŞ-dəki əməliyyatlarının 80 faizinə nəzarət edəcək. Lakin detallar ortaya çıxdıqca, ciddi suallar yaranır.

Konqresin əvvəldən TikTok-un qadağası ilə bağlı qanunu irəli aparmasının əsas səbəbi olan risk faktiki olaraq qalır. Məhz kontent lentini formalaşdıran və xarici təsir əməliyyatlarına yararlı ola biləcək tövsiyə alqoritmi “gizli içlik” ByteDance-in əlində qalır. Administrasiya tərəfindən açıqlanan sxemə görə, amerikalı investorlar yalnız lisenziyalaşdırılmış surəti əldə edəcək, həmin surət isə ABŞ istifadəçilərinin məlumatları üzərində yenidən öyrədiləcək.

Açıq qalan başqa bir boşluq da mövcuddur: ByteDance yeni alqoritm yeniləmələrini buraxanda nə baş verəcək? ABŞ versiyası eyni sürətlə yenilənəcəkmi, yoxsa texnoloji fərqlər yaranacaq? Xarici təsirdən tam qopmaq əvəzinə, sövdələşmə əslində Pekinə ciddi təsir rıçaqları saxlayır – Foreign Policy bunu xüsusi vurğulayır.

Pullar, “fee-plus” və seçilmişlər çevrəsi

Ağ Ev gözləyir ki, federal büdcə bu tranzaksiyadan milyardlarla gəlir götürəcək. Prezident Trampın ifadəsi ilə desək: “Birləşmiş Ştatlar nəhəng komissiya alır – mən buna fee-plus deyirəm – sadəcə bu sövdələşməni həyata keçirdiyimizə görə, və mən bunu havaya atmaq istəmirəm”.

Nəzarət konfiqurasiyası da az sual doğurmur: tətbiqin ABŞ versiyasına idarəetmə faktiki olaraq prezidentin yaxın müttəfiqlərinə keçir. İnvestor qrupunda Lerri Ellison və Rupert Merdokun adları çəkilir. Bir çox analitiklər bunu nepotizmin klassik nümunəsi adlandırır, – deyə Foreign Policy yazır.

Keçmiş administrasiya rəsmisi Raş Doşi isə bildirib: “TikTok sövdələşməsi bazarın bütün iştirakçıları üçün açıq görünmür. Bu, daha çox administrasiyaya yaxın olan, siyasi tərəfdarlarını əhatə edir”. Belə bir idarəetmə strukturu həm prezidentin müttəfiqlərini maliyyə baxımından dəstəkləyir, həm də məzmunun partiya maraqlarına uyğun moderasiyası riskini artırır – yəni respublikaçılara meyilli səslərin gücləndirilməsi və tənqidçilərin sıxışdırılması ehtimalı. İroniya ondadır ki, məhz bu cür risklərə görə ABŞ rəsmiləri əvvəllər TikTok-un Çin mülkiyyətini tənqid edirdilər.

“Texno-müharibənin” məntiqi dəyişirmi?

TikTok fərmanı ətrafında baş verən sürətli hadisələr və son ayların digər sövdələşmələri daha geniş sual doğurur: Tramp administrasiyası Çinə qarşı sərt texnoloji siyasətdən geri dönürmü? Xatırladaq ki, məhz Tramp 2018-ci ildə ZTE-ni qara siyahıya salaraq eskalasiyanı başlatmışdı. Bu, şirkət üçün “ölüm hökmü” ilə müqayisə edilirdi. O zaman ekspertlər Barak Obamanı Çinin artan gücünü vaxtında dəyərləndirməməkdə qınayır, Trampı isə təhlükəni daha ayıq görməkdə haqlı sayırdılar.

İkinci müddətdə kontrast: tariflər, yoxsa ixrac nəzarəti?

Yanvarda Tramp Oval kabinetə qayıdanda, ABŞ-Çin texno-konfrantasiyası zirvədə idi. Son dörd ildə Co Bayden ixrac məhdudiyyətlərini misilsiz həddə çatdırmışdı: əsas məqsəd Pekinin qabaqcıl yarımkeçiricilərəƏ böyük İA modellərinin və mürəkkəb hərbi sistemlərin “yanacağı”na çıxışını kəsmək idi. Baydenin son qərarlarından biri də süni intellektin yayılmasına dair “diffuziya qaydası” olmuşdu.

Bir çoxları yeni administrasiyanın da sərt “anti-Çin” xəttini qoruyacağını düşünürdü. Ancaq ilk addımlardan prioritetlər dəyişdi: prezident Kanada, Meksika və Avropaya qarşı tariflərə daha çox diqqət yetirdi, nəinki Çini və Rusiyanı balanslaşdırmağa. Ukrayna məsələsində Vladimir Putinə xəbərdarlıqlar etsə də, Rusiya mallarına yeni sanksiyalar elan olunmadı.

Yeni komanda, yeni baxış bucağı

Dəyişikliklər kadrlarda da əksini tapdı. Ağ Evin İA-koordinatoru postuna Devid Saks, elmi-texnoloji müşavir vəzifəsinə isə Maykl Kratios gətirildi. Onlar ixrac məhdudiyyətlərinə skeptik yanaşır. Onların yanaşması: xarici bazarlarda aqressiv ekspansiya, dövlətlərlə sövdələşmələr, Amerika platformalarının möhkəmləndirilməsi və kommersiya üstünlüyü əsasında “qlobal texnoloji dominasiya”. May ayında Tramp administrasiyası “İA diffuziyası” qaydasını ləğv etdi.

Bununla yanaşı, milli təhlükəsizlik müşaviri Mayk Uoltsun başçılıq etdiyi “Çin qartalları” kənarda qaldı. Apreldə ultrasağçı bloqer Lora Lumer prezidentlə görüşərək “kursunuza sadiq olmayanların” siyahısını təqdim etdi. Ardınca Tramp altı Milli Təhlükəsizlik Şurası üzvünü, bir neçə həftə sonra isə Uoltsun özünü işdən çıxardı.

Silikon Vadisi lobbiləri və H20 məsələsi

Bu dəyişikliklər Saksan kursunu daha sərbəst etdi. Paralel olaraq Nvidia rəhbəri Censen Xuana Vaşinqtonda güclü lobbi qurmaq imkanı yarandı. Onun arqumenti belə idi: qadağalar Çində əksinə, idxalı əvəzləmə prosesini sürətləndirib; Çin ordusu Nvidia çiplərini istifadə etməyəcək; Çin “rəqibdir”, amma “düşmən deyil”.

Sənaye üçün əsas tələb – Nvidia H20 çipinin Çinə satışına qoyulan qadağanın ləğv edilməsidir. İyun ayında Xuanın Ağ Evi ziyarətindən sonra Tramp güzəştə getdi: Nvidia və AMD Çinə satışdan əldə olunan gəlirin 15 faizini ABŞ büdcəsinə ödəmək şərtilə satışlara davam edə biləcək. Prezidentin sözləri ilə: “Mən dedim: əgər bunu təsdiqləyirəmsə, 20 faiz istəyirəm. Ölkəmiz üçün, yalnız ölkəmiz üçün. Mənə lazım deyil… O isə [Xuan] cavab verdi: bəlkə 15 edək? Elə bu cür razılaşdıq”.

Yaxın Şərq Amerikanın İA “kassası” kimi

Ağ Evə dönüşdən sonra iqtisadi sövdələşmələr çox vaxt təhlükəsizlik arqumentlərini üstələdi. Bunu mayda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə edilən tur da göstərdi. Məqsəd – milyardlarla dollarlıq İA sazişləri. Əbu-Dabidə 2,5 milyon Nvidia B200 çipinə əsaslanan nəhəng data-mərkəz tikintisi razılaşdırıldı – ABŞ-dan kənarda ən böyük layihə. Səudiyyədə isə yüz minlərlə Blackwell çipi ilə yeni Humain startapı yaradılır.

Bəzi ekspertlərin fikrincə, strateji resursun etibarlılığı mübahisəli olan tərəfdaşlara ötürülməsi və Çin şirkətlərinin bu imkanlara çıxış riski diqqətdən kənarda qaldı. Devid Saks isə bunu belə izah etdi: “Seçim odur ki, bu ölkələr kimin İA “kassası” olacaq – Amerikanın, yoxsa Çinin?”

Eyni zamanda, şəxsi mənfəət məsələsi də ortaya çıxır. Mətbuat yazır ki, BƏƏ 2 milyard dolları prezidentin pay sahibi olduğu World Liberty Financial adlı kripto-startapa yatırmağa razılaşıb ki, bu da “çip” sövdələşmələri fonunda baş verib. Foreign Policy-nin fikrincə, TikTok və Yaxın Şərq layihələrində olduğu kimi, prezident strateji risklərə baxmayaraq şəxsi qazanc fürsəti gördü.

“Böyük rəqabət” pauzada və müttəfiqlərə siqnal

2017-ci ildən – “Böyük güclərin rəqabəti” tezisini irəli sürən Milli Təhlükəsizlik Strategiyasından bəri ABŞ-ın əsas məqsədi Çin və Rusiyanı cilovlamaq idi. İndi isə hazırlanmaqda olan yeni Milli Müdafiə Strategiyası vurğuları dəyişir: prioritet isə vətənin və Qərb yarımkürəsinin müdafiəsidir.

İA siyasəti isə ayrıca çaşqınlıq yaradıb. Aylarla hazırlanmış plan iyulda dərc olunanda, orada əsas dayaqlardan biri ixrac nəzarətinin sərtləşdirilməsi idi. Sənəddə açıq şəkildə qeyd olunurdu: “Xarici rəqiblərin bu resursa çıxışının məhdudlaşdırılması geostrateji rəqabət və milli təhlükəsizlik məsələsidir”. Elə həmin vaxt prezident Çinə H20 çiplərinin satış qadağasını ləğv etdiyini açıqladı. Bu, müttəfiqlərə və rəqiblərə mesaj idi: qaydalar vacibdirmi, yoxsa “uyğun sövdələşmə”?

Siyasətçilər Abraham Nyuman və Henri Farrelin fikrincə, “şəxsi qərarların bürokratik prosesləri əvəzləməsi” və “qısamüddətli qazancın uzunmüddətli milli maraqları üstələməsi” artıq yeni norma kimi qəbul edilir.

Pekinə marşrut və danışıqlara ümid

Texno-rəqabətin gələcək istiqaməti hələ də açıqdır. ABŞ siyasi elitasının böyük hissəsi Si Cinpinin niyyətlərinə skeptik yanaşır, lakin Tramp administrasiyasında həlledici amil prezidentin şəxsi seçimi olaraq qalır. Hazırda prioritet 2026-cı ilin əvvəlində Pekinə səfər və Si ilə görüşdür. Ticarət naziri Hovard Latnik artıq ehtimal olunan nümayəndə heyətinə CEO-ların siyahısını formalaşdırır.

Belə görüş ərəfəsində Ağ Ev ixrac nəzarətini sərtləşdirməyə getməyəcək. Si isə prezidentin gurultulu sammit istəklərindən faydalanaraq yumşalmalar əldə etməyə çalışacaq – qabaqcıl çiplərə qoyulan məhdudiyyətlərin azaldılması, Tayvana dəstəyin zəiflədilməsi və Çin investisiyaları üçün daha “açıq mühit” kimi. Ekspertlər illərdir xəbərdarlıq edir: belə investisiyalar çox vaxt kritik intellektual mülkiyyətin itirilməsinə gətirib çıxarır.

ABŞ və Çin arasında texnoloji qarşıdurma incə bir tarazlıq üzərində dayanır. Foreign Policy-nin rəyinə görə, getdikcə daha çox əlamət göstərir ki, sərt gündəmin əsas elementləri taktiki fayda naminə kənara qoyulacaq. Son nəticəni isə institutlaşmış strategiya deyil, şəxsi sövdələşmə müəyyən edir – bu isə ABŞ-ın uzunmüddətli milli maraqları üçün ən böyük riskdir.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr