AZ

Tramp ABŞ-də mebel və taxta idxalına yeni rüsumlar tətbiq edib

İdxal olunan mebelə 2026-cı ildən 50%-dək gömrük rüsumu qoyulacaq…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəyə idxal edilən taxta materialları, yumşaq və mətbəx mebeli üçün yeni gömrük rüsumlarının tətbiqi barədə fərman imzalayıb. Yeni qaydalara əsasən, taxta materiallarına 10% tarif tətbiq olunacaq. İdxal olunan yumşaq və mətbəx mebeli üzrə rüsumlar isə mərhələli şəkildə artırılacaq: 2024-cü il 14 oktyabr tarixindən ilin sonunadək 25%, 2026-cı ildən isə yumşaq mebel üçün 30%, mətbəx mebeli üçün isə 50%-ə çatdırılacaq.

Ağ Evdən yayılan açıqlamaya görə, istisna yalnız Avropa İttifaqı ölkələri, Yaponiya və Böyük Britaniyadan gətirilən məhsullara şamil olunacaq. Bu ölkələrdən idxal edilən mallara tariflər 10–15% səviyyəsində qalacaq.

Yeni gömrük rüsumlarının tətbiqi həm ABŞ-ın milli təhlükəsizliyini gücləndirmək, həm də yerli taxta sənayesinin istehsal gücünü artırmaq məqsədi daşıyır. Bununla yanaşı, bu addımın ölkənin ağac emalı sənayesinin modernləşdirilməsinə və investorların cəlbinə təkan verəcəyi gözlənilir.

Qeyd edək ki, Tramp sentyabrın 26-da verdiyi açıqlamada yumşaq və mətbəx mebeli üzrə müvafiq olaraq 30% və 50%-lik gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan etmişdi. Bundan əlavə, o, idxal olunan yük avtomobillərinə 25%, ABŞ-da zavod inşa etməyən əczaçılıq şirkətlərinin məhsullarına isə 100% rüsum tətbiq ediləcəyini açıqlamışdı.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr