AZ

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan bir sıra şəxslərə “Əmək veteranı” vəsiqələrini təqdim edib. İclasda müzakirəyə çıxarılan ilk məsələ Prezident İlham Əliyevin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlər haqqında olub. Akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına AR Mədəniyyət Nazirliyi və AR Elm və Təhsil Nazirliyi ilə birlikdə görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. 2025-ci il ərzində Prezident İlham Əliyev tərəfindən Akademiyanın 80 illik yubileyi, eləcə də bir sıra görkəmli elm xadimlərinin yubileyləri ilə bağlı müvafiq sərəncamların imzalandığını və tapşırıqların verildiyini deyən akademik İsa Həbibbəyli göstərilən diqqət və qayğıya görə AMEA-nın kollektivi adından dövlət başçısına minnətdarlığını bildirib. AMEA rəhbəri vurğulayıb ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. Akademik İsa Həbibbəyli qeyd edib ki, Fətəli xan Xoyski parlaq zəkası, geniş dünyagörüşü və siyasi təcrübəsi ilə XX əsrin əvvəllərində Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda cəsarətlə mübarizə aparmışdır. Akademik İsa Həbibbəyli dövlət başçısının Sərəncamında da qeyd olunduğu kimi, Fətəli xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyətində demokratik dövlət idarəçiliyinin təşkili, iqtisadiyyatın, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafı, ordu quruculuğu, eləcə də Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr verdiyini bildirib. AMEA rəhbəri diqqətə çatdırıb ki, bu Sərəncam Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatının parlaq nümayəndələrindən biri Fətəli xan Xoyskinin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğ olunması zərurətini ortaya qoyur. Bu günə kimi Fətəli xan Xoyskiyə həsr olunmuş yalnız silsilə məqalələrin işıq üzü gördüyünü deyən akademik İsa Həbibbəyli bu nəhəng şəxsiyyətin həyat və fəliyyətini əks etdirən sanballı nəşrin olmadığını, dövlət başçısının Sərəncamından irəli gələrək, AMEA-nın Tarix və Etnologiya İnstitutu tərəfindən ilk dəfə olaraq fundamental monoqrafiyanın hazırlandığını söyləyib. Sərəncamın icrasını təmin etmək məqsədilə, Rəyasət Heyəti tərəfindən Tədbirlər planının hazırlanmasına dair müvafiq tapşırıq verilib. Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Parisdə UNESCO-nun mənzil qərargahında “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” adlı beynəlxalq konfransda iştirakının yekunları haqqında məlumat verib. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm prioritetlərindən birini Türk xalqları ilə əməkdaşlığın dərinləşdirilməsi və bu əməkdaşlığın elmi, mədəni və tarixi əsaslarla möhkəmləndirilməsidir. Diqqətə çatdırıb ki, dövlət siyasətinə uyğun olaraq, son illər AMEA-da türk xalqlarının tarixinin və mədəniyyətinin elmi kontekstdə öyrənilməsi istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, türk xalqlarının ortaq mədəniyyət və dəyərlərinin elmi prinsiplər əsasında müzakirə olunduğu platformalarda iştirak da AMEA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Akademik İsa Həbibbəyli bundan irəli gələrək, 19 sentyabr 2025-ci il tarixində Parisdə UNESCO-nun mənzil qərargahında keçirilən “Çingiz Aytmatov və UNESCO: Dünyanı Birləşdirən ortaq İrs” adlı beynəlxalq konfransda iştirak etdiyini, tədbirin Qırğızıstanın UNESCO-da Daimi Nümayəndəliyinin təşəbbüsü, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondunun və Ankarada yerləşən Çingiz Aytmatov İnstitutunun birgə əməkdaşlığı ilə baş tutduğunu söyləyib. Konfransda TÜRKSOY-un Baş katibi Sultan Raevin,  UNESCO Baş direktorunun müavini Ernesto Ottonenin, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin və yazıçının oğlu Eldar Aytmatovun çıxış etdiyini, həmçinin 2024-cü ildə Bişkek şəhərinə Prezident İlham Əliyevin səfərinə dair videoçarxın təqdim olunduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli konfransda “Çingiz Aytmatov fenomeni və Azərbaycan faktoru” mövzusunda çıxış etməsi barədə Rəyasət Heyətinin üzvlərinə məlumat verib, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çingiz Aytmatovun xidmətlərinə verdiyi yüksək dəyərin Azərbaycan xalqının ona göstərdiyi sarsılmaz ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Rəyasət Heyəti tərəfindən qeyd olunanları nəzərə alaraq, qardaş türk dövlətlərinin elmi qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi qərara alınıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, həmçinin UNESCO yanında Azərbaycanın Daimi Nümayəndəliyinin təşəbbüsü ilə keçirilən akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakının yekunları haqqında da məlumat verib. Akademik İsa Həbibbəyli bildirib ki, 19 sentyabr 2025-ci il tarixində Paris şəhərində UNESCO-nun mənzil-qərargahında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin səfirləri və digər şəxslər iştirak ediblər.

Konfrans zamanı Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək bildirib ki, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi bəstəkarın həyat və yaradıcılığına ehtiramı nümayiş etdirir. Bu, eyni zamanda musiqinin birləşdirici gücünü, mədəniyyətlər arasında dialoqun qurulmasına və ümumbəşəri dəyərlərə verilən qiyməti göstərir.

Akademik İsa Həbibbəyli isə bildirib ki, Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan sərhədlərini aşaraq, dünya səhnələrində uğurla nümayiş olunmuş və xalqlar arasında mədəni körpüyə çevrilmişdir. Akademik İsa Həbibbəyli məruzəsində bildirib ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.

Akademik İsa Həbibbəyli, o cümlədən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevə akademik Zemfira Səfərovanın bu yaxınlarda AMEA-nın “Elm” nəşriyyatında ingilis dilində nəşr olunmuş “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq karyerası” kitabını hədiyyə etdiyini də söyləyib.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən akademik Üzeyir Hacıbəylinin elmi, bədii irsinin, ictimai-fəlsəfi fikir tariximizdəki yerinin, Azərbaycan və dünya musiqi sənətinin inkişafındakı rolunun beynəlxalq səviyyədə təbliği istiqamətindəki işlərin daha da genişləndirilməsi tapşırılıb.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş XI  Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, AR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi  keçiriləcək. Sərgi bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuşdur və müasir dövrün elmi və mədəni müstəvisində texnologiyanın insan həyatına təsiri ilə bağlı geniş müzakirələrə imkan yaradacaq. Sərgidə 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.

AMEA rəhbəri “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusunun aktuallığının müasir dövrdə sürətlə inkişaf edən texnologiyalar fonunda insanın cəmiyyətdəki mövqeyinin və funksional rolunun dəyişməsi, süni intellektin və rəqəmsal texnologiyaların insan fəaliyyəti üzərində yaratdığı təsirlərin elmi və fəlsəfi müstəvidə dərindən təhlil olunması zərurətindən qaynaqlandığını deyib. Süni intellekt istiqamətində AMEA-nın son illərdə dövlət siyasətinə müvafiq olaraq həyata keçirdiyi islahatlardan danışıb, süni intellekt texnologiyalarının humanitar və ictimai elmlər sahəsində tətbiqinə yönəlmiş kompleks tədbirləri xüsusi vurğulayıb.

AMEA-nın “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş XI Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə təmsil olunmasının önəminə toxunan akademik İsa Həbibbəyli qeyd edib ki, bu, dövlətin elm-texnoloji inkişaf  strategiyasını dəstəkləməklə yanaşı, AMEA-nın modernləşən elmi prioritetlərinin nümayiş olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəyli sərgidə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarının yüksək səviyyədə iştirakı və ən son nailiyyətləri əks etdirən nəşrlərin ictimaiyyətə təqdim edilməsi ilə bağlıq tapşırıqlarını verib.

Sonra AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov sərgiyə hazırlıqla bağlı iclas iştirakçılarına məlumat verib. Qeyd edib ki, sərgidə AMEA-nın nəşrləri iki istiqamətdə oktyabrın 1-də “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” və oktyabrın 4-də “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzularında təqdim olunacaq. S.Qəhrəmanov artıq hazırlıq işlərinin yekunlaşdığını və AMEA-nın yüksək səviyyədə iştirakı ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü bildirib.

Qeyd olunanları nəzərə alaraq, sərgidə AMEA-nın iştirakını təmin etmək, kitab sərgisi çərçivəsində zəruri tədbirləri və müzakirələri təşkil etmək məqsədilə müvafiq Komissiya yaradılıb.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın elmi bölmə və mərkəzlərinin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinin təşkili haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın və AR Elm və Təhsil Nazirliyinin birgə Tədbirlər planı təsdiq edilib.

Tədbirlər planında AMEA-nın 80 illik yubileyi ilə bağlı tədbirlərin, o cümlədən simpozium, konfrans, seminar, dəyirmi masalarla yanaşı kitab sərgilərinin təşkili edilməsi nəzərdə tutulub. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu məqsədlə AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinin təşkili zərurəti yaranıb.

Sərginin üç istiqamətdə ictimaiyyətə təqdim olunacağını deyən AMEA rəhbəri ilk növbədə elmi müəssisə və təşkilatlarda işıq üzü görmüş nəşrlərin, daha sonra elmi-texniki nailiyyətlərin, eləcə də Akademiya əməkdaşlarının bir sıra rəsm əsərlərinin sərgilənəcəyini diqqətə çatdırıb.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın elmi bölmə və mərkəzlərinə elmi nailiyyətlər sərgisinə hazırlıqla bağlı tapşırıq verilib.

Sonra AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının iclasında iştirakının yekunları haqqında məlumat verib. Bildirib ki, 19-20 sentyabr 2025-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində elmi ezamiyyətdə olub və Rusiya Elmlər Akademiyasının (REA) Rəyasət Heyətində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası (BEAA) Şurasının REA-nın 300 illik yubileyinə həsr olunmuş 37-ci iclasında iştirak edib.

Qeyd edilib ki, tədbir çərçivəsində REA-nın 300 illik yubileyinə həsr olunmuş kitab sərgisi və Elmi Dövri Nəşrlərin Rusiya Milli Platformasının təqdimatı keçirilib.

Akademik İbrahim Quliyev tədbir çərçivəsində Rusiya, Belarus, Qazaxıstan, Vyetnam, Özbəkistan elmlər akademiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Çin tədqiqat mərkəzlərinin nümayəndələri, habelə Rusiya elmi mərkəzlərində çalışan Azərbaycan elmi diasporunun nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlərdə elmi tədqiqatların əlaqələndirilməsi və birgə proqramların hazırlanması, elmi kadr hazırlığı üzrə səylərin birləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunub.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru f.e.d. Hikmət Quliyev 25-26 sentyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Folklor İnstitutu, AR Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilmiş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium barədə məlumat verib.

Bildirib ki, simpoziumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AR mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti prof. Dr. Aktotı Raimkulova, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, AR Milli Məclisinin deputatları, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, əməkdaşları, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan alimlər iştirak edib və çıxış ediblər.

Həmçinin Azərbaycan Milli Konservatoriyasının rektoru prof. Dr. Kamilə Dadaşzadə, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmataliyev, Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutundan prof. Dr. Metin Ekici plenar məruzələrlə çıxış ediblər.

H.Quliyev tədbirin yüksək səviyyədə təşkil olunduğunu, türk xalqlarının musiqi mədəniyyətinə dair sanballı müzakirələrin aparıldığını bildirib.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

İclasda, həmçinin akademik Əkpər Feyzullayevin 80, AMEA-nın müxbir üzvü Telman Ağayevin 90, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin 75, AMEA-nın müxbir üzvü İlham Məmmədovun 70, AMEA-nın müxbir üzvü Pənah Muradovun 65, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun isə 60 illik yubileyi haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Seçilən
10
veteninfo.az

1Mənbələr