AZ

“5 hektar torpağın varsa...” Deputat yeni qaydaları açıqladı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İqtisadçı,deputat Vüqar Bayramov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə icazə verilməsini tənzimləyən yeni qaydaları şərh edib. O bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi bu qərar aqrar sahədə torpaq istifadəsinin səmərəliliyini artırmaqla yanaşı, sahibkarların qarşılaşdığı bir sıra praktiki çətinliklərin də aradan qaldırılmasına xidmət edəcək.

Deputatın sözlərinə görə, Baş nazir Əli Əsədovun təsdiqlədiyi yeni qaydalar kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə icazə verilən hallar və həddləri dəqiqləşdirir: "Sahəsi 5 hektardan az olmayan torpaq sahələrinin maksimum 1 faizində əsaslı tikililərin inşasına icazə verilməsi bu sahənin iqtisadi dövriyyəyə daxil edilməsini sürətləndirəcək".

O bildirib ki, bu dəyişikliklərdən əvvəlki dövrdə müvafiq normativlərin olmaması səbəbilə sahibkarlar ciddi çətinliklərlə üzləşirdilər/

"Yeni qərar bu çətinlikləri, praktik olaraq, aradan qaldırır. Sahibkar artıq 10 hektar torpaq sahəsinə sahibdirsə, onun 10 sotunda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və işçilərin müvəqqəti qalması üçün tikililər inşa edə bilər", – deyə o vurğulayıb.

Vüqar Bayramov əlavə edib ki, qaydalarda torpaq sahələrinin birləşdirilməsi və bölünməsi ilə bağlı müddəalar da yer alıb ki, bu da torpaq resurslarının daha rasional idarə olunmasına imkan verəcək: "Torpaqların birgə istifadəsi stimullaşdırılır və bu, aqrar sektorda böyük təsərrüfatların formalaşmasına müsbət təsir göstərə bilər".

Deputatın qənaətincə, Nazirlər Kabinetinin qərarı ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqların daha məhsuldar və funksional istifadəsini təmin edəcək.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
azpolitika.info

1Mənbələr