AZ

Adnan Əhmədzadə işi Avropanı silkələyir - “Oilmar” qalmaqalı

Həbsdə olan iş adamının benefisiarı olduğu şirkətdə ciddi dəyişikliklər başlayıb, səhmlər geri alınır - yeni gəlişmə

Azərbaycanın enerji sektorunda son illərin ən gurultulu hadisələrindən biri yaşanır. Bakıda SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir. Avropada Adnan Əhmədzadənin adının hallandığı beynəlxalq biznes qalmaqalı da qızışmaq üzrədir. Sinqapur mətbuatının yazdığına görə, onun benefisiarı olduğu "Oilmar Shipping and Chartering" şirkətində ciddi dəyişikliklər başlayıb. Şirkətin baş direktoru Yusif Məmmədov bildirib ki, artıq səhmlərin geri alınması prosesinə start verilib və rəhbərlik Adnan Əhmədzadə ilə əlaqələrini qəti şəkildə kəsir. Məqsəd "Oilmar Shipping and Chartering" şirkətini hüquqi və reputasiya risklərindən qorumaqdır.

"Oilmar Shipping and Chartering" şirkəti 2015-ci ildə Dubayda yaradılıb. Şirkət sürətlə yüksəlib, enerji bazarında qlobal oyunçuya çevrilib. 2022-ci ildə şirkətin illik gəliri 1 milyard dolları ötüb, əməliyyatlar 60 ölkəni əhatə edib. Adnan Əhmədzadə Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Onun adı Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Rusiya və Azərbaycan neftinin qarışdırılmasını təşkil etməkdə hallanır. İddialara görə, saxta sertifikatlarla Rusiya neftinin Azərbaycan brendi altında Avropaya çıxarılmasına imkan yaradıb...

Adnan Əhmədzadənin biznes şəbəkəsi yalnız bu şirkətlə məhdudlaşmır. Onun adı Maltada qeydiyyatdan keçmiş "Alkagesta LTD" və Britaniyanın Virciniya adalarında yaradılmış "Choice Management Group LTD" ilə də hallanır. "Pandora Papers" sızmalarında da Adnan Əhmədzadənin benefisiar kimi keçir. Ehtimal olunur ki, o, ofşor şirkətlər vasitəsilə qaçaq neft alveri ilə məşğul olub.

Ötən gün "Oilmar Shipping and Chartering" şirkətinin baş direktoru Yusif Məmmədovun verdiyi açıqlama şirkət üçün sağ qalma strategiyası kimi dəyərləndirilir. O, müştərilərə ünvanladığı sirkulyarda xidmətin davamlılığını və dürüstlüyə sadiqliyini vurğulayıb. Hazırda şirkət Cenevrə, Sinqapur və Nyu-Yorkda ofisləri ilə fəaliyyət göstərir. Lakin Qərb paytaxtlarında artıq müqavilələri ikiqat yoxlamağa başlayıblar. Çünki Qərbin maliyyə institutları və enerji şirkətləri reputasiya riskindən çəkinir.

Ən diqqətçəkən məqam budur ki, Azərbaycan Avropa bazarında Rusiyaya alternativ kimi mövqeyini möhkəmləndirməyə çalışdığı bir zamanda Azərbaycana qarşı "Əhmədzadə kartı"ndan istifadə olunub. Bu işin nəticəsi Azərbaycanın enerji tərəfdaşı kimi həyati əhəmiyyət daşıyır. Əgər Avropa tərəfdaşlarının inamı zədələnsə, bu, ölkənin ən strateji sektorunda yeni problemlər doğura bilər.

Belə görünür ki, Adnan Əhmədzadənin həbsi və "Oilmar" qalmaqalı hələ başlanğıcdır. Növbəti mərhələdə həm Azərbaycan məhkəmələri, həm də Qərbin tənzimləyici orqanları bu işin gedişatına diqqətlə nəzarət edəcək.

Avropa üçün isə bu hadisə bir daha göstərdi ki, enerji diversifikasiyası strategiyası kağız üzərində möhkəm görünsə də, praktikada çox kövrəkdir. Azərbaycan üçün isə məsələ təkcə bir şəxsin cinayət işi deyil, ölkənin etibarlı tərəfdaş statusu və enerji diplomatiyasının gələcəyi ilə bağlıdır.

Alyaska

Kamran Məmmədli

Siyasi şərhçi Kamran Məmmədli "Yeni Müsavat"a deyib ki, Adnan Əhmədzadənin həbsi sadə maliyyə maxinasiyası deyil, ölkənin iqtisadi potensialına zərbə vura biləcək qədər ağır nəticələr doğuran prosesdir: "Onun adı Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Rusiya neftinin Azərbaycan brendi altında Avropaya çıxarılması iddialarında hallanır. Bu isə Azərbaycanın enerji diplomatiyasını ən həssas nöqtədən hədəfə alır. Burada "xlorid oyunu" metaforası təsadüfi deyil. Xlorid gözlə görünmür, rəngsizdir, amma təsiri zəhərlidir. Adnan Əhmədzadə ilə bağlı yayılan xəbərlərdən belə qənaət formalaşır ki, onun fəaliyyəti də səssiz və gizli olub. Belə fəaliyyət nəticəsində Azərbaycanın strateji maraqlarını korlayan bir mexanizm hərəkətdə olub".

Siyasi şərhçi deyib ki, əgər Rusiya nefti saxta sertifikatlarla Azərbaycanın adından Avropaya gedirdisə, bu, bir neçə nəticə doğura bilər: "Azərbaycan Avropada etibarlı tərəfdaş kimi qəbul olunur. İndiki halda Avropa Rusiyadan asılılıqdan çıxmaq üçün Azərbaycana güvənir, Azərbaycan neftini alır. Əgər iddialar doğrudursa, Adnan Əhmədzadə Azərbaycan nefti adı ilə Rusiya neftini Avropaya ötürüb. Bu məsələ ilk növbədə Azərbaycanı Avropanın nəzərində etibarlı tərəfdaşlıqdan çıxarır, Moskvanın əlinə isə ölkəmizə qarşı təzyiq kartı verirdi. Rusiya sabah elan edərdi ki, Bakı-Tiflis-Ceyhan Rusiya nefti ilə doludur, bu isə Azərbaycanın enerji müstəqilliyinə qarşı ən böyük şantaj alətinə çevrilə bilərdi. Yəni Əhmədzadə əgər bu işdə rol oynayıbsa, deməli, onun fəaliyyəti Azərbaycanın maraqları deyil, Moskvanın maraqları üzərində qurulub".

Siyasi şərhçi bildirib ki, "Adnan Əhmədzadə işi" ilə bağlı Sinqapurdan Cenevrəyədək yayılan xəbərlər təsadüfi deyil: "Qərbin maliyyə institutları və enerji şirkətləri artıq müqavilələri ikiqat yoxlayırsa, deməli, Azərbaycan üçün də durum çətin ola bilər. Eyni zamanda Əhmədzadənin təkbaşına "xlorid oyunu"na girməsi də inandırıcı deyil. Onun həm daxildə, həm də xaricdə şərikləri olmamış deyil. Ona görə də yeni həbsləri qaçılmaz hesab edirəm".

Siyasi şərhçi deyib ki, Adnan Əhmədzadənin həbsi göstərdi ki, Azərbaycanın enerji diplomatiyası təkcə hasilat və ixrac gücü ilə deyil, həm də daxildəki təmizliyə bağlıdır: "Əgər ölkə öz içindəki "xlorid oyunçu"larını zərərsizləşdirməsə, sabah xarici meydanda ən strateji üstünlüklərini itirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
3
olaylar.az

4Mənbələr