AZ

Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi

Azərbaycanın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev – müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, xilaskarı, tarixi şəxsiyyət. Hər bir Azərbaycan vətəndaşının qürurla yad etdiyi vətənini, xalqını sevən, hər zaman hörmətlə andığımız qurucu şəxsiyyət, örnək liderdir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. Heydər Əliyev fəaliyyətinə çətin, keşməkeşli dövrdə başlamışdır. Dahi şəxsiyyət daim Azərbaycanın mənafeyi, gələcək uğurları üçün çalışmışdır. 1944–cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb, 1969-cu ilə kimi burada işləmişdir. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və göstərdiyi uğurlu xidmətləri nəticəsində həmin ildə ona general-mayor rütbəsi verilib.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. O, fəaliyyəti dövründə bir çox mühüm tədbirlərə imza atmış,işlədiyi sahələrdə irəliləyişlərə nail olmuşdur. Bütün bu vəzifələrə baxmayaraq Heydər Əliyev Mixail Qarbaçovun ədalətsiz siyasətini dəstəkləməyib, tutduğu vəzifələrdən imtina etmişdir. Heydər əliyevin rəhbərliyi dövrdə Azərbaycan hər sahədə inkişafa doğru irəlilədi.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  ölkəmizdə  sovet ordusu  tərəfindən törədilən qanlı faciəyə səssiz qalmamış,öz vətənpərvərliyini göstərərək ölkədən uzaqda olsa da, Moskvada bəyanatla çıxış edib və bu qanlı faciəyə səbəb olanların cəzalandırılmasını tələb etmiş və  SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb.Qısa müddət ərzində Heydər Əliyev  uzaqgörənliyi sayəsində qısa müddət ərzində ölkənin tərəqqisi üçün mühüm işlər görür. Elə buna görə də, o,1992-ci il noyabrın 21-də hazırda ölkəmizdə üzvlərinin sayına və fəaliyyət istiqamətlərinə, gördüyü çoxşaxəli işlərə, tədbirlərə görə öndə olan  Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib.

90-cı illərin əvvəlləri Azərbaycanın ictimai- siyasi həyatı çətin dövrə təsadüf edirdi. Bu dövrdə ölkəmizdə torpaqlarımızın bir hissəsi işğala məruz qaldı, insanlarımız dorpaqların işğalı nəticəsində əzab-əziyyətə düçar oldu. Bunun əsas səbəbi ölkənin, dövlətin səhv idarəçiliyi, hərc-mərclik, özbaşınalıq, siyasi iradənin, gücün olmaması Azərbaycanı təhlükəli vəziyyətlə üz-üzə qoydu. Ölkəmizin öz müstəqilliyini itirməsinin,vətəndaş müharibəsinin qarşısının alınması  Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə fəaliyyətə başalaması ilə yekunlaşdı, sabitlik bərqərar olundu. Belə ki, Heydər Əliyev 1993-cü il iyunun 15-də sədri Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

Beləliklə, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da 1993-2003- cü illərdə  Ümummilli lider Heydər Əliyev ölkəmizin prezidenti olur. Bu müddət ərzində siyasi sabitlik bərpa olunub. Azərbaycanın müstəqil dövlət kimi var olmasında son dərəcə əhəmiyyətli addımlar atmış,yalnız bu günü üçün deyil, gələcək inkişafi, suverenliyi, demokratik cəmiyyətin təşəkkül tapmasında vacib qərarlar vermiş, müxtəlif sahələrin inkişafı üçün fəaliyyət planları tərtib etmişdi. Onu da qeyd edim ki, bügünkü, müasir Azərbaycanın  sürətlə inkişafı, dirçəlişi, çiçəklənməsi məhz Heydər Əliyevin imzaladığı mühüm sənədin böyük rolu var. Bu sənəd 1994-cü il 20 sentyabrda “ Əsrin müqaviləsi ” adını almışdır. Burada dünyanın 8 ölkəsi və 13 neft şirkəti ilə Xəzərin Azərbaycan sektoruna düşən hissəsində neftin birgə işlənməsi və hasil olunan neftin bölüşdürülməsidir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır.  Beləliklə, Azərbaycanın tarixində bu mühüm hadisə idi. Belə bir qərar vermək Heydər Əliyev şəxsiyyətinin nə qədər uzaqgörən, dahi olduğunun bir daha sübutudur. Bu gün ölkəmizin iqtisadi- sosial, siyasi baxımdan sürətli inkişafı məhz təməlinin Heydər Əliyev şəxsiyyətinin qoyduğu neft amili idi.

Heydər Əliyev hər zaman ölkəsinin gələcəyini düşünən şəxsiyyət olduğu üçün onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur.

Eləcə də burada əsas məqamlardan biri də hərb sahəsi idi. Belə ki, Ulu Öndər Heydər Əliyevin  sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Təbii ki, həmin dövrü nəzərə alsaq bu çox böyük addım və uğur idi. Belə bir qərarla artıq nizam- intizamlı ordu yaradılışına başlandı, bu sahədə hökm sürən qanunsuzluqlar, fərarilik kimi halların qarşısı alındı. Azərbaycan-Ermənistan arasındakı atəşkəsdən sonra Azərbaycan ordusundakı islahatlar genişlənərək daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Bu sahədə irəliləyişlər, inkişaf davamlı olaraq həyata keçirildi. Çünki torpaqları işğal altında olan bir dövlət kimi bu hər birimizin qarşısında duran ən ali məqam idi. Təbii ki, Ulu Öndər hər zaman torpaqların beynəlxalq norma və prinsiplər əsasınd, dinc yolla həllinə çox çalışmışdır. Lakin beynəlxalq təşkilatların, müxtəlif ölkələrin bu məsələyə laqeyd, ermənipərəst mövqedən yanaşması bu məsələnin həllinə imkan vermədi. Ona görə də, qarşımızda duran əsas məqsəd ordumuzun güclənməsi idi. Və buna da nail olduq. Zamanla, zəhmətlə güclənən ordumuz Azərbaycan dövlətini suveren, azad etdi, 30 illik işğal sonrası torpaqlarımız azad oldu.

Bir sözlə, Ümummilli liderin fəaliyyəti, xalq, millət, vətən üçün cəfakeşliyini, zəhmətini nə qədər yazsaq azdır. Vətənini çox sevən bir insan olaraq, ən böyük arzusu torpaqların azadlığına nail olmaqdır. Dahi şəxsiyyətin ömrü bunu həll etməyə yetməsə də. Prezident İlham Əliyev onun bu arzusunu, vəsiyyətini uğurla yerinə yetirdi. Hətta o, çıxışlarından birində demişdir: “Inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”.  Bəli, uzaqgörən şəxsiyyət kimi Heydər Əliyevin bu güvəni də özünü doğrultdu. Bu gün Azərbaycan tam müstəqil, öz torpaqlarını işğaldan azad etdmiş, suveren, güclü orduya, qürurlu xalqa, iqtisadi- sosial baxımdan sürətlə inkişaf etmiş, dünyada söz sahibinə malik bir dövlətdir.

 

      Gülər Baxışova

     Pedaqogika üzrə fəlsəfə doktoru

Seçilən
0
1
veteninfo.az

2Mənbələr