AZ

Qlobal tərəfdaşlığın regional platforması

COP29-dan sonra paytaxtımız Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci toplantısına ev sahibliyi edir. Ötən il formalaşan güclü təməl üzərində qurulan bu təşəbbüs beynəlxalq əməkdaşlıq, bilik mübadiləsi, innovasiyalar və praktiki iqlim həllərinin müzakirəsi üçün mühüm platforma rolunu davam etdirir. İqlim Fəaliyyəti Həftəsinin ilk tədbiri bu dəfə də London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur. BCAW2025 COP29-un yaratdığı müsbət dinamikanı gücləndirməklə, Bakını regionda iqlim həlləri üzrə əsas platformaya çevirir.

Ümumiyyətlə, dünyanın müxtəlif yerlərində keçirilən iqlim həftələri beynəlxalq iqlim diplomatiyasına yeni nəfəs verir, həm də regional səviyyədə iqlim fəaliyyətinə diqqəti artırır. Bu baxımdan, COP29 Azərbaycan üçün mühüm diplomatik və ekoloji dönüş nöqtəsi oldu. Konfransda ilk dəfə olaraq qlobal iqlim maliyyələşməsinin artırılması ilə bağlı razılaşma əldə edildi və bu istiqamətdə “Bakı Xəritəsi”nin hazırlanması elan olundu.

COP29 nəticəsində 2030-cu ilədək iqlim maliyyələşməsinin artırılması üçün beynəlxalq öhdəliklər təsdiqləndi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi üçün yeni maliyyə mexanizmləri yaradıldı, adaptasiya və texnoloji innovasiyalara yönəlik qlobal əməkdaşlıq planı qəbul olundu. Azərbaycanın təşəbbüsü ilə qlobal iqlim həmrəyliyi və “ədalətli keçid” anlayışı beynəlxalq gündəliyə daha güclü şəkildə daxil edildi. Beləliklə, Azərbaycan COP29 vasitəsilə özünü qlobal miqyasda etibarlı tərəfdaş və iqlim diplomatiyasında mərkəzi oyunçu kimi təsdiqlədi.

COP29-un prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev BCAW2025-də çıxış edərək vurğuladı ki, yeni iqlim həftələri Azərbaycanda mütəmadi keçiriləcək və bu tədbirlər qlobal əməkdaşlığa xidmət edəcək. O bildirdi ki, COP29 Azərbaycanın qlobal miqyasda nüfuzunu artırdı və bütün tərəfləri həmrəyliyə gətirdi.

Baş prokuror Kamran Əliyev çıxışında ətraf mühitin qorunmasında hüquq-mühafizə orqanlarının roluna diqqət çəkərək, transmilli ekoloji problemlərin yalnız birgə səylərlə həll oluna biləcəyini diqqətə çatdırdı.

KOBİA sədri Orxan Məmmədov isə kiçik və orta bizneslərin “yaşıl keçid”də mühüm rolunu vurğuladı və onların tullantıların azaldılmasına, iş yerlərinin yaradılmasına və məsuliyyətli istehlakçı davranışına ciddi təsir göstərə biləcəyini qeyd etdi.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva da Azərbaycanın iqlim adaptasiyası planını təqdim edərək, ekosistemə əsaslanan hədəflərin önəmini vurğuladı və Xəzəryanı ölkələrin birgə fəaliyyətinin vacibliyini önə çəkdi.

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa çıxışında “ədalətli keçid”in yoxsulluğun aradan qaldırılması və əmək bazarının inkişafı ilə paralel aparılmasının vacibliyini xatırlatdı. Ali beynəlxalq təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva isə 2026–2030-cu illəri əhatə edən yeni əməkdaşlıq proqramının imzalanacağını açıqladı.

Ümumilikdə, Bakı İqlim Fəaliyyəti Həftəsində 46-dan çox sessiyanın keçirilməsi nəzərdə tutulur. COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirdi ki, bu tədbirlər COP30 ilə əməkdaşlıq çərçivəsində “Bakı–Belem yol xəritəsi”nə töhfə verəcək.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə vurğuladı ki, Azərbaycan Afrika ilə münasibətlərdə yeni strategiya qurmuşdur və diplomatik təmsilçiliyini genişləndirməklə qitədə mövqelərini gücləndirməyi hədəfləyir.

Beləliklə, Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın COP29-dakı uğurları üzərində qurularaq beynəlxalq iqlim diplomatiyasının mərkəzlərindən birinə çevrilir və ölkənin həm regional, həm də qlobal miqyasda nüfuzunu möhkəmləndirir.

Səbuhi MƏMMƏDOV,
Rauf İBRAHİMOV (foto)
XQ

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr