AZ

Ali Baş Komandanın informasiya savaşı

“Rossiya-1” telekanalına müsahibə Vətən müharibəsinin məramını dünyaya çatdırdı

Vətən müharibəsindən əvvəl olduğu kimi, 44 günlük savaşın gedişində də Ermənistan öz şərəfsiz, insanlığa sığmayan əməllərindən əl çəkmədi. Belə ki, düşmən ordusu beynəlxalq qanunlarla qadağan olunmuş silahlarla döyüş zonalarından çox uzaqda yerləşən şəhər və kəndlərimizin dinc sakinlərinə atəş açdı, çox sayda insan qətlə yetirdi. Məqsəd bu yolla Azərbaycanı Ermənistandakı mülki obyektlərə zərbə endirməyə təhrik etmək və beləliklə, Rusiyanı bu münaqişəyə qoşmaq idi. İşğalçının terrora üstünlük verməsi, dinc insanları hədəfə alması həm də Azərbaycan xalqı arasında vahimə yaratmaq, əhalinin müharibəyə etirazını formalaşdırmaq və əməliyyatların qarşısını bu yolla almaq məqsədi daşıyırdı.

Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərində – 2020-ci il sentyabrın 29-da “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında aparıcının suallarını cavablandırarkən bu barədə bildirdi: “Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik…”.

Aparıcının bu müharibədə Türkiyənin rolu ilə bağlı sualına cavabında isə bildirdi ki, qardaş ölkənin fəaliyyəti regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozub. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur.

Həqiqətən, Vətən müharibəsində Türkiyə Azərbaycana mənəvi dəstək göstərdi. Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr isə əslində, təxribat xarakteri daşıyırdı, bu, feyk-nyus idi. Türkiyənin münaqişədə iştirakına heç bir zəruri ehtiyac duyulmurdu, çünki Azərbaycan Ordusu öz xalqının və ərazisinin müdafiəsini gerçəkləşdirmək üçün kifayət qədər hazırlıqlı idi.

Prezident İlham Əliyevin Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin döyüş əməliyyatlarında iştirakı barədə sualına cavabı da diqqət çəkirdi. Dövlətimizin başçısı müsahibədə qardaş ölkənin bu tip təyyarələrinin savaşda iştirakını qəti şəkildə təkzib etdi: “Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

Dövlətimizin başçısı müsahibədə aparıcının “30 il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli” sualına cavabında isə Azərbaycanın danışıqlarda həmişə konstruktivlik nümayiş etdirdiyini, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab olunan nizamlama prinsiplərinə sadiqlik göstərdiyini, Ermənistanın isə məsələnin həllini getdikcə çətinləşdirdiyini, işğalçı ölkənin baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” kimi heç bir əndazəyə sığmayan çağırışlar səsləndirdiyini bildirərək dedi: “Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq”.

Dövlətimizin başçısının vurğuladığı kimi, Ermənistan danışıqların uzun illər mövcud olan formatını dəyişməyə çalışır, bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədirdi. 2020-ci il avqustun 23-də Ermənistanın təxribat qrupu başçısının təmas xəttində saxlanılması, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də törədilən təxribatlar da bunun bariz ifadəsi idi. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq məqsədi daşıyırdı. Erməni tərəfi, eyni zamanda, status-kvonu da saxlamaq istəyirdi.

Prezident müsahibədə Ermənistan tərəfindən müharibənin başlanması barədə danışarkən işğalçı ölkənin bir neçə ay ərzində savaşa hazırlaşdığını diqqətə çatdırdı. Bu, işğalçının hərəkətlərinin və bəyanatlarının xronologiyasının izlənilməsi ilə müşahidə edilirdi.

Prezident İlham Əliyev həmin ərəfədə BMT Baş Assambleyasının tribunasından çıxış edərkən bu barədə bəyanat da vermişdi. Açıq şəkildə Ermənistanın müharibəyə hazırlaşdığını və onu dayandırmağın zəruriliyini diqqətə çatdırmışdı. İyul ayında işğalçının münaqişə zonasından uzaq, Azərbaycanın dövlət sərhədindəki yaşayış məntəqələrinə silahlı hücum etməsi, dinc sakin və bir neçə hərbi qulluqçumuzu öldürməsi də bunun bariz ifadəsi idi.

Həmin vaxt döyüşlər dörd gün davam etmişdi və Ermənistan ərazisində Azərbaycanın heç bir hərbi hədəfi yox idi. Buna görə də Ermənistan silahlı qüvvələri ölkəmizin ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırılmışdı. Daha sonra yuxarıda vurğulandığı kimi, təxribat qrupu respublikamızın ərazisinə soxuldu və həmin qrup neytrallaşdırıldı.

Bu zaman Ermənistanın həyasızlığı o həddə çatmışdı ki, erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edirdi. Bu isə müharibə cinayəti idi. Bu, eyni zamanda, Cenevrə Konvensiyasının pozulması demək idi. Bu nümayişkaranə şəkildə bildirilirdi. Həmin dövrdə qəsbkar ölkə Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar keçmiş Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inaqurasiyasını keçirdi. Bütün bunlar Azərbaycana qarşı şüurlu təxribatlar, ölkəmizi münaqişəyə qoşmaq və cavab hərəkətlərinə təhrik etmək idi. Azərbaycan isə təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda respublikamıza qarşı müharibə cəhdi göstərildi.

Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Vaqif BAYRAMOV
XQ

Seçilən
25
xalqqazeti.az

1Mənbələr