AZ

Vətən müharibəsinin xronikası: 29–30 sentyabr

Zəfər marafonunun 3-cü günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu Vətən müharibəsi otuzillik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

– Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanıb ki, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

– Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

– Səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

– Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb. Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub.

Prezident İlham Əliyev bu təxribatların Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb. Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

– Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib.

– Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunub: “Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür! Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.

Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”

– Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırıb. Prezident İlham Əliyev cavablarında bildirib ki, cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub.

Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır. Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib.

– Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək mülki əhalidən, ümumilikdə, 12 nəfər həlak olub, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub. Prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

– Döyüş əməliyyatları uğurla davam edir.

Zəfər marafonunun 4-cü günü

– Sentyabrın 29-dan 30-na keçən gecə, saat 00:20 radələrində Azərbaycan Ordusunun İsrail istehsalı “Harop” dağıdıcı dronu vasitəsilə dəqiq zərbəsi nəticəsində yüksəkrütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb. Bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksəkrütbəlilərinin olduğu bildirilib.

– Sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursat, hərbi texnika yüklü maşınların yandırılmasına aid görüntülər yayılıb. Nəqliyyat vasitələrinin Cənubi Azərbaycanlılar tərəfindən Azərbaycana dəstək məqsədilə yandırıldığı və görüntülərinin paylaşıldığı iddia olunur.

– Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonu ərazisindəki tanklar da daxil olmaqla, bir neçə erməni hərbi texnikasının məhv edildiyini göstərən görüntülər yayımlayıb.

– Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sen-

tyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Prezident İlham Əliyev görüşdə bildirib: “Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər.

Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

– Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.

– Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, bir müddət əvvəl Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.

– Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığındakı 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Düşmənin cəbhənin Cəbrayıl rayonu istiqamətində döyüş texnikaları məhv edilib.

– Ermənistan silahlı bölmələrinin Füzuli istiqamətində yerləşən 4-cü taboru ağır artilleriya atəşinə tutulub. Həmçinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Bundan başqa, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçıb. Həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağatıcı alayının qərargahına zərbə endirilib.

– Düşmənin artilleriya atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üç nəfər isə xəsarət alıb. Bununla da Ermənistan silahlı qüvvələrinin xain hücumları zamanı həlak olan mülki şəxslərin sayı 15-ə, xəsarət alanların sayı isə 49-a çatıb. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

– Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda 420 məktəb öz fəaliyyətini müvəqqəti məhdudlaşdırıb və dayandırıb. Əminik ki, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq. Erməni təxribatı nəticəsində 14 mülki şəxs ölüb, 46 nəfər xəsarət alıb. Düşmən zərbələri nəticəsində Azərbaycanda 9 məktəb zədə alıb.

– Cəbhənin Ağdərə–Tərtər istiqamətində mühasirəyə alınan Ermənistan silahlı qüvvələri bölmələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam edib. Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların təxliyəsini təşkil etməkdə aciz qalıb.

– Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdərə–Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilməsi barədə məlumat yayımlayıb.

– Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin 1 ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, 2 ədəd "9K33 Osa" zenit-raket kompleksi, 4 ədəd BM-21 “Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib.

– Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilmişdir. Azərbaycan Ordusunun bölmələrinin axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Mustafa KAMAL
XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr