AZ

Azərbaycanın investisiya cəlbediciliyi yüksəlir

Hazırda dünyada sabitlik məkanı kimi tanınan Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti əksər ölkələr və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bəyənilir, təqdir edilir. Elə dünyanın tanınmış maliyyə qurumlarının da son illər dərc etdikləri hesabatlarda Azərbaycanın cəlbedici investisiya ölkəsi kimi təqdim olunması da bunu təsdiqləyir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirib: “Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 374,5 milyon manat investisiya yönəldilib. Bu ilin 8 ayında ölkənin neft-qaz sektoruna 3 milyard 159,5 milyon manat sərf edilib. Hesabat dövründə qeyri-neft qaz sektorunun inkişafına 8 milyard 215 milyon manat vəsait xərclənib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur. Həmin vəsaitin isə 1 milyard 494,4 milyon manatı və ya 13,1 faizi qeyri-neft-qaz sənayesi sahələrinin inkişafına xərclənib.

Yanvar-avqust aylarında ölkə üzrə sərf olunmuş ümumi sərmayənin 5 milyard 800,2 milyon manatı və ya 52 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 819,9 milyon manatı və ya 33,6 faizi xidmət sahələrinə, 1 milyard 754,4 milyon manatı və ya 15,4 faiz yaşayış evlərinin tikintisinə yönəldilib.

Cari ilin 8 ayında ölkə iqtisadiyyatına sərf olunmuş investisiyaların 52,3 faizi dövlət, 47,7 faizi isə qeyri-dövlət sektorunu təmsil edən sərmayədarların payına düşüb. Hesabat dövründə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi investisiyanın 77 faizini təşkil edib. İnvestisiyaların 40,9 faizi sənaye, 24 faizi tikinti, 22,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər biri 1,8 faiz olmaqla informasiya və rabitə, təhsil, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər biri 1,3 faiz olmaqla maliyyə və sığorta, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.

Yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 faizini inşa, yenidənqurma və bərpa, 8 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 3,6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.

Əsaslı kapital qoyuluşu hesabına Bakı şəhərində Dövlət Gömrük Komitəsinin yeni inzibati binası, qəlyanaltı məhsullarının istehsalı zavodu, Özbəkistan səfirliyinin yeni binası, Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyası, Sumqayıt şəhərində tikinti kimyəvilərinin istehsalı zavodu, yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu, Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi, İsmayıllı rayonunda “Talıstan liseyi, “Coca-cola” istehsalı müəssisəsi, Yevlax rayonunda 110/35/10 kilovoltluq qovşaq yarımstansiyası, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi, Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi, pilot aqroparkı və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

İlin əvvəlindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq sürətlə davam etdirilib. Yanvar-avqust aylarında kapital qoyuluşu hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bir nəhəng tikinti-quraşdırma işləri həyata keçirilib. Ötən 8 ayda Xankəndi şəhərində Biznes və Konqres mərkəzləri, Ağdam rayonunda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, tütün məmulatlarının istehsalı müəssisəsi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin birinci mərhələsi, Kəngərli kənd tam orta məktəbi və körpələr evi-uşaq bağçası, 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası, Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdərə rayonunda məscid, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu, Xocalı rayonunda yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi, heyvandarlıq kompleksi, kərpic zavodu, Kəlbəcər rayonunda “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları, Laçın rayonunda tikiş və ayaqqabı fabrikləri, “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyaları, İstirahət Kompleksi, Rəqəmsal İdarəetmə Mərkəzi, Beynəlxalq Hava Limanı, Şuşa rayonunda Daşaltı kənd məscidi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi istifadəyə verilib.

Cari ilin 8 ayında ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilən ümumi investisiyanın 2 milyard 554,4 manatı və ya 97,4 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

Mirbağır YAQUBZADƏ
XQ

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr