AZ

Ermənistanın Avropa seçimi: Moskva ilə soyuq savaş başlayır?

Cənubi Qafqazda geosiyasi dinamika sürətlə dəyişir. Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar Moskva ilə münasibətləri yeni gərginlik mərhələsinə daşıyır. Paşinyan hökumətinin qərarı sadəcə xarici siyasət seçimi deyil, həm də Kremlə illərlə formalaşmış asılılıq münasibətlərinə meydan oxuma kimi dəyərləndirilir. Bu kontekstdə Ermənistanın gələcək mövqeyi onun Qərblə əməkdaşlıq imkanlarından daha çox Rusiyanın imperialist təzyiqlərinə qarşı nə dərəcədə dayana biləcəyinə bağlı görünür.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesini qanuniləşdirməsi, əslində, Moskva ilə münasibətlərdə yeni gərginliklərə zəmin yaradır:

“Rusiya uzun illərdir Ermənistanı özünün “arxa həyəti” kimi görüb və onun müstəqil qərar verməsinə imkan tanımayıb. Paşinyanın bu addımı Moskvanın bölgədəki hegemonluğuna açıq meydan oxuma kimi qiymətləndirilir. Əslində, Ermənistanın seçdiyi Avropa kursu ölkəni gücləndirə bilərdi, amma Moskvanın təzyiq mexanizmləri bu prosesi çətinləşdirəcək. Rusiya enerji asılılığından, qaz qiymətlərindən və miqrant diasporunun əmək bazarından istifadə edərək İrəvana qarşı təzyiq siyasəti yürüdə bilər. Bu isə göstərir ki, Ermənistanın zəifliyi Aİ-yə üzvlükdə deyil, Moskvanın təsirindən qurtula bilməməsindədir”.

Onun sözlərinə görə, Rusiya indiyədək Ermənistanı real müttəfiq kimi görməyib, sadəcə onu Qərbə qarşı “geosiyasi kart” kimi istifadə edib:

“Ukraynada məğlubiyyətlər yaşayan Moskva indi də Ermənistandan sadiqlik tələb edir. İrəvanın bu sadiqliyi nümayiş etdirməməsi Kreml üçün ciddi əsəb qıcıqlandırıcı amildir. Ermənistanın müstəqil qərar verməsi Rusiyanın reallıqları ilə toqquşur. Moskva postsovet ölkələrinin Avropa və Qərb strukturlarına inteqrasiyasına ənənəvi olaraq düşmən münasibət bəsləyir. Bu isə Ermənistanın suverenliyinə açıq hörmətsizlikdir. Əgər Moskva yenidən təzyiq yolunu seçsə, bu, Ermənistan cəmiyyətində anti-Rusiya əhvalını daha da gücləndirəcək. Kreml anlayır ki, Qafqazda təsirini itirmək təhlükəsi ilə üz-üzədir, amma hələ də köhnə imperialist metodlardan əl çəkmir”.

Analitik qeyd edib ki, Ermənistanın Aİ-yə inteqrasiya ilə bağlı qanunu İrəvan-Moskva münasibətlərində yeni bir soyuq dövrün başlanğıcıdır:

“Bu prosesdə Ermənistanın manevr imkanları məhdud olsa da, Kremlə tabe olmaq istəməməsi ciddi mesajdır. Əsas problem Avropa kursunun çətinliyində yox, Rusiyanın imperialist təzyiqlərinə qarşı dayana bilməkdədir. Yəni gərginliyi Avropa İttifaqı deyil, Moskvanın hegemonluq iddiaları doğurur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr