AZ

Ukraynanın Dövlət Xidmətinin rəhbəri Azərbaycan diasporunun qərargahında görüş keçirdi



Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) qərargahında görüş keçirib.

Görüşdə UABD-nin sədri Hikmət Cavad, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə, konsulluq məsələləri üzrə məsul şəxs Qalibbəy Ağadaşıyev, UABD İdarə Heyətinin üzvləri, iş adamları, Ukrayna ordusunda xidmət edən azərbaycanlı hərbçilər, eləcə də müxtəlif sahələrdə çalışan diaspor fəalları iştirak ediblər.

UABD sədri Hikmət Cavad Ukrayna cəmiyyətinə azərbaycanlıların uğurlu inteqrasiyasından danışıb. O qeyd edib ki, azərbaycanlılar Ukraynada sabit və harmonik birgə yaşayışı təmin etməyə çalışırlar. UABD-nin fəaliyyətindən bəhs edən Hikmət Cavad vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü başlayandan bəri azərbaycanlılar həm ön, həm də arxa cəbhədə fəal iştirak edirlər. Onun sözlərinə görə, diaspor nümayəndələri Ukraynanın müdafiəsinə və humanitar dəstəyinə mühüm töhfələr verirlər. O əlavə edib ki, bu gün Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir.

"Biz hər iki ölkə prezidentinin bu əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki səylərini alqışlayırıq. Diaspor olaraq biz də öz töhfəmizi ən yüksək səviyyədə verməyə çalışırıq. İnanırıq ki, bu görüş həm Ukrayna dövlət institutları, həm də Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək”, – deyə H.Cavad vurğulayıb.

Tədbirdə çıxış edən Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski isə Ukraynadakı azərbaycanlılara Rusiya təcavüzünə qarşı mübarizəyə, ölkənin iqtisadi, ictimai və mədəni həyatının inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, milli icmaların hüquqlarının qorunması Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün zəruri öhdəlik olsa da, ölkə özünü vətən hesab edən xalqların irsini qorumaq və zənginləşdirmək istiqamətində gördüyü bütün işləri, hər şeydən əvvəl, öz vətəndaşları üçün həyata keçirir.

"Əsrlər boyu dövlətçilik, azadlıq və kimlik uğrunda mübarizə aparan ukraynalılar and içmişdilər ki, müstəqil Ukraynada bu torpaqlarda yaşayan heç bir xalqın mədəni, dil və digər ənənələri sıxışdırılmayacaq”, - deyə Viktor Yelenski əlavə edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə çıxış edərək qeyd edib ki, diaspor uzun illərdir Ukraynada yaşayan həmvətənlər arasında birliyin qorunması, onların mədəni, sosial və ictimai maraqlarının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görür. Rövşən Hüseynzadə bildirib ki, UABD-nin əsas fəaliyyət prioritetləri həm gənclərin milli ruhda tərbiyəsi, həm də xalqlarımız arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsidir. UABD-nin təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışan R.Hüseynzadə onların yalnız Ukraynada yaşayan azərbaycanlıların deyil, bütövlükdə Ukrayna cəmiyyətinin inkişafına xidmət etdiyini bildirib. 

"Bu layihələr çərçivəsində mütəmadi olaraq Mədəniyyət Günləri, park və xiyabanların bərpası, eləcə də Azərbaycan reallıqlarının təbliğinə yönəlmiş tədbirlər keçirilir”, – deyə o, əlavə edib.

İş adamları, alimlər, hərbçilər və diaspor fəallarının çıxışlarından sonra görüş fikir mübadiləsi şəraitində davam edib.
 
 

Seçilən
19
3
7news.az

4Mənbələr